Daha 8 quruma Startap şəhadətnaməsi üçün müsbət rəy verilib

Daha 8 quruma Startap şəhadətnaməsi üçün müsbət rəy verilib

Startap şəhadətnaməsinin verilməsi üzrə Ekspertlər Şurasının növbəti iclası keçirilib. İclasda Startap şəhadətnaməsi almaq məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) sənəd təqdim etmiş 9 sahibkarlıq subyektinin müraciətinə baxılıb.

Startup.az xəbər verir ki, toplantı zamanı iddiaçıların səlahiyyətli nümayəndələri öz layihələri ilə bağlı qısa təqdimatlar ediblər. Ekspertlər Şurasının aparılan qiymətləndirməsi əsasında 8 quruma Startap şəhadətnaməsinin verilməsi tövsiyə olunub. Şəhadətnamələr Ekspertlər Şurasının müsbət rəyi əsasında KOBİA tərəfindən təqdim ediləcək.

Məlumata görə, indiyədək ümumilikdə 255 sahibkarlıq subyektinə Startap şəhadətnaməsi verilib. Şəhadətnamə alan startaplar və layihələrlə Startap Azərbaycan (startup.az) portalı vasitəsilə tanış olmaq mümkündür.

Qeyd edək ki, Startap şəhadətnaməsi əldə edən sahibkarlıq subyektləri qanunvericiliyə əsasən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə 3 il müddətinə mənfəət və gəlir vergisindən azad olunurlar.

Paylaş