Startap Azərbaycan layihəsinin əsas məqsədi ölkədə, xüsusilə də universitetlərdə startap və innovasiya ekosisteminin inkişafına dəstək vermək, ən yaxşı startap layihələri üzə çıxarmaq və dəstək vermək, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə yardım etməkdir.
Təqdim edilən layihələrin son məqsədi real biznesin qurulmasına, xidmətlərin, sosial servislərin təqdim edilməsinə yönəlməli və müştəri cəlb edilməsinə istiqamətləndirilməlidir. Mümkündür ki, hansısa mövcud biznes-ideyalar üzrə layihələr təklif olunsun, belə halda təklif olunan layihə daha effektiv innovasiyalar üzərində qurulmalıdır.
Universitetlərdə, onların inkubasiya mərkəzlərində formalaşan, inkubasiya proqramlarından keçən startapların ən yaxşıları Startap Azərbaycan çərçivəsində universitetlər arasında keçirilən ölkə üzrə Demo Day tədbirində iştirak etmək haqqı qazanırlar. Müsabiqədə iştirak üçün müraciət Startap Azərbaycan platforması üzərindən həyata keçirilir.
Demo Day tədbirində öz təqdimatalrı ilə çıxış edən startapların ekspertlər tərəfindən qiymətləndirilməsi aparılır.
Daha uğurlu startaplar akselerasiya proqramında iştirak etmək üçün seçilir.
Layihələr elmi –tədqiqat, araşdırma tipli olmamalıdır. Bu tip layihələr Startap Azərbaycan çərçivəsində keçirilən müsabiqə və digər yarışmalara qəbul edilmir.
Biznes layihələr bir və ya bir neçə nəfərdən ibarət olan komanda tərəfindən verilə bilər.
Müsabiqəyə həm qlobal və həm də yerli şəraitdə istifadə oluna biləcək layihələr müraciət edə bilər.
Startap Azərbaycan yalnız yarışmadan ibarət deyil. Belə ki, layihə çərçivəsində universitetlərdə startapçılarla görüşlər təşkil olunur, onlara təlimlər keçirilir, uğur qazananlar akselerasiya proqarmlarına cəlb olunur və investorlarla görüşlər keçirilir.
Startaplara komanda formalaşdırmağa köməklik göstərilir. İnternet biznesə başlamaq istəyənlər üçün layihə çərçivəsində keçirilən təlimlərdə uğurlu bizneslə bağlı bilik və təcrübə əldə etmək imkanları yaradılır.
Startap Azərbaycan komandası uğurlu hesab ediləcək layihələrin investorlara təqdim edilməsində və investor axtarışında seçilmiş satartaplara köməklik edir. Həmçinin investorlar üçün cəlbedici layihələrə əlçatımlığın təmin edilməsi istiqamətdə fəaliyyət göstərir.
Qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi məqsədilə startap görüşləri və müzakirələri təşkil olunur.
Startap Azərbaycan qaliblərə bəlli bir məbləğdə mükafatlar da təqdim edir.
Universitetlər arası Demo Day yarışmasına qatılmaq istəyən startaplar öz layihələrini buradan təqdim edə bilərlər.