“Startup School 4” proqramı  çərçivəsində “Açıq qapı” günü keçirilib

“Startup School 4” proqramı çərçivəsində “Açıq qapı” günü keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Enterprise Azerbaijan portalının həyata keçirdiyi “Startup School 4: Beş qitə – 500 Startap” qlobal innovasiya proqramı çərçivəsində “Açıq qapı” günü təşkil olunub. Tədbirdə startap ekosisteminin üzvləri və ali təhsil müəssisələrinin müvafiq sahə üzrə nümayəndələri iştirak ediblər.

Startup.az xəbər verir ki, görüşün əsas məqsədi proqramın əhatə dairəsi, hədəfləri və startaplara təqdim etdiyi imkanlar barədə müzakirələrin aparılması, həmçinin ekosistem iştirakçılarının rəy və təkliflərinin dinlənilməsi olub.

Portalın rəhbəri İsa Qasımov bildirib ki, “Startup School 4” proqramının “Demo Day” tədbirinin bu ilin 30–31 oktyabr tarixlərində Bakı Konqres Mərkəzində keçiriləcək “TEI Forum 2026” biznes və ticarət forumu ilə birlikdə təşkil olunması planlaşdırılır. Onun sözlərinə görə, proqram çərçivəsində seçiləcək ən perspektivli 50 startap forumda stendlə təmin ediləcək ki, bu da onların investor və sahibkarlarla birbaşa əlaqə qurmasına geniş imkan yaradacaq.

Tədbirdə portalın layihə meneceri Aydan Hüseynzadə proqramın startap ekosisteminin inkişafına verdiyi töhfələr, peşəkar təlim və mentorluq xidmətləri, innovativ ideyaların kommersiyalaşdırılması və qlobal bazarlara çıxış imkanları barədə ətraflı məlumat verib. Qeyd olunub ki, proqram 5 qitədən startapların iştirakını və onların beynəlxalq tərəfdaşlarla birgə inkişafını nəzərdə tutur.

Görüş çərçivəsində universitetlər, startaplar və biznes qurumları arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub. Xüsusilə startapların real sektorla əlaqələrinin gücləndirilməsi, “Demo Day” mərhələsinin praktik biznes mühitinə inteqrasiyası və investisiya imkanlarının artırılması diqqət mərkəzində olub.

Sonda bildirilib ki, “Startup School 4” proqramına qeydiyyat prosesi 15 may tarixində başa çatır və bu tarix müraciət etmək istəyən startaplar üçün son fürsət hesab olunur.

Qeydiyyat üçün: https://startupschool.az/en/register

Paylaş