Cursor AI bazarının ən sürətlə böyüyən startaplarından oldu

Cursor AI bazarının ən sürətlə böyüyən startaplarından oldu

2025-ci ildə süni intellekt bazarında ən çox diqqət çəkən startaplardan biri Anysphere və onun AI əsaslı proqramlaşdırma aləti Cursor olub.

Startup.az xəbər verir ki, “Forbes”in məlumatına görə, bir neçə il əvvəl universitet tələbəsi olan dörd həmtəsisçi artıq milyarderə çevrilib.

Cursor proqramçılara süni intellekt vasitəsilə kod yazmağa, səhvləri aşkar etməyə, kodu optimallaşdırmağa və iri layihələri daha sürətli idarə etməyə kömək edir. Platforma məhsuldarlığı artırdığı üçün qısa müddətdə geniş populyarlıq qazanıb.

Platformanın arxasında duran Anysphere son investisiya raundunda 2,3 milyard dollar yatırım cəlb edib. Nəticədə şirkətin bazar dəyəri 29,3 milyard dollara yüksəlib.

Beləliklə, şirkətin həmtəsisçiləri Michael Truell, Aman Sanger, Sualeh Asif və Arvid Lunnemark milyarder statusu qazanıblar. Onların hər biri şirkətin 4,5 faiz payına sahibdir və bu payların dəyəri 1 milyard dolları ötür.

MIT-dən başlayan layihə

Həmtəsisçilərin hamısı Massachusetts Institute of Technology (MIT) tələbələri olub. Onların ilk layihəsi mexanika mühəndisləri üçün AI əsaslı sistem yaratmaq idi. Lakin layihə uğursuz nəticələnib.

Bundan sonra komanda proqramçılar üçün yeni nəsil iş mühiti yaratmağa qərar verib və nəticədə Cursor platforması ortaya çıxıb.

Milyonlarla istifadəçi

“Forbes” yazır ki, artıq milyonlarla developer Cursordan istifadə edir. Platformanın korporativ müştəriləri arasında NVIDIA, Adobe, Uber, Shopify və PayPal kimi iri şirkətlər də yer alır.

Məqaləyə görə, təxminən 50 min komanda bu alətdən gündəlik iş prosesində istifadə edir. Şirkətin illik gəlirinin artıq 1 milyard dolları keçdiyi bildirilir. Bu göstərici Cursoru tarixdə ən sürətlə böyüyən AI startaplarından birinə çevirib.

“AI wrapper” tənqidləri

Bununla yanaşı, texnologiya icmasında şirkətlə bağlı fərqli fikirlər də mövcuddur. Xüsusilə Reddit və developer forumlarında bəzi istifadəçilər platformanın əsas riskinin öz fundamental AI modelinə tam sahib olmaması olduğunu bildirirlər.

Tənqidçilərin fikrincə, Cursor əsasən OpenAI və Anthropic kimi şirkətlərin modellərinə əsaslanır. Bu səbəbdən platforma bəzi ekspertlər tərəfindən “AI wrapper” — yəni mövcud AI modellərinin üzərində qurulmuş məhsul kimi qiymətləndirilir.

Lakin tərəfdarları hesab edir ki, əsas dəyər yalnız AI modelində deyil, istifadəçi təcrübəsində və developer workflow-un düzgün qurulmasındadır. Məhz buna görə Cursor qısa müddətdə proqramçıların əsas gündəlik alətlərindən birinə çevrilə bilib.

Gələcək planlar

Məqalədə qeyd olunur ki, Anysphere artıq öz AI sistemlərini inkişaf etdirməyə başlayıb. Şirkət “Composer” adlı modelini təqdim edib və gələcəkdə üçüncü tərəf AI provayderlərindən asılılığı azaltmağı hədəfləyir.

Analitiklər hesab edir ki, bu strategiya uğurlu olarsa, Cursor sadəcə AI əlavəsi deyil, tam funksional AI platformasına çevrilə bilər. Şirkətin əsas rəqabətinin isə GitHub Copilot və digər böyük AI proqramlaşdırma alətləri ilə olacağı bildirilir.

Bir neçə il əvvəl universitet layihəsi kimi başlayan Cursor hazırda həm investorların, həm də texnologiya sektorunun ən çox müzakirə etdiyi layihələrdən birinə çevrilib. Ekspertlər hesab edir ki, gələcəyin ən dəyərli texnologiya şirkətləri yalnız iri korporasiyalar deyil, kiçik komandaların yaratdığı çevik AI startapları da ola bilər.

 
 

Paylaş