Yerli startaplara şad xəbər
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkı və Amerika-Azərbaycan Ticarət Palatası arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Bu barədə Xeberler.az-a Nazirlikdən məlumat verilib.
Memoranduma əsasən, iki qurum arasında uzunmüddətli və strateji əməkdaşlıq üçün yol xəritəsi tərtib olunacaq. Amerika-Azərbaycan Ticarət Palatası Yüksək Texnologiyalar Parkında fəaliyyət göstərən startap layihələrinə investisiyaların cəlb olunmasına, ABŞ-dakı vençur fondlar ilə əməkdaşlığa, Azərbaycanda fəaliyyət göstərən yerli İKT şirkətlərinin proqram təminatlarının, texnoloji həllərinin və xidmətlərinin ABŞ bazarına çıxarılmasına dəstək göstərəcək.
Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimlinin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin Amerika Birləşmiş Ştatlarına işgüzar səfəri çərçivəsində Google, Lenova, Nutanix, ABŞ Texnologiya və İnvestisiya Mərkəzi, ABŞ Dövlətinin İnvestisiya Şirkətinin rəhbərləri ilə görüşlər keçirilib.
Lenova şirkətinin vitse-prezidenti Roderik Lapin ilə görüşdə Yüksək Texnologiyalar Parkının nəzdində R&D laboratoriyasının yaradılması, inkubasiya proqramı və Lenova Vençur Proqramı-nın imkanlarının Azərbaycanda fəaliyyət göstərən startaplara təqdim olunmasına dair ilkin razılıq əldə olunub.
ABŞ-ın aparıcı Nutanix şirkətinin rəhbəri ilə də görüş keçirilib. Nutanix şirkətinin təsisçisi və prezidenti Sudhiş Nayer Yüksək Texnologiyalar Parkının və Azərbaycanda ali təhsil müəssisələrindən birinin tərəfdaş olaraq seçilib təhsil və elmi mübadilə proqramına cəlb olunmasını, akademiyanın yaradılmasını, yerli startapların Silikon Vadisinə mütəmadi səfərlərinin təşkil olunmasını təklif edib.
ABŞ-ın Beynəlxalq İnvestisiya Şirkəti olan OPİC-in kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi proqramının direktoru Tara Bleyk ikitərəfli görüşdə Azərbaycanda yüksək texnologiyalar sahəsində investisiya və maliyyələşdirmə layihələrində maraqlı olduqlarını bildirib. Görüşdə cari il ərzində Yüksək Texnologiyalar Parkında OPİC şirkəti ilə birlikdə yerli şirkətlər üçün investisiya imkanlarına dair informativ sessiyanın keçirilməsi ilə bağlı razılıq əldə olunub.
Daha bir görüş İnnovativ Texnologiyalar Mərkəzinin İnvestisiyalar üzrə direktoru Marko Rubin ilə keçirilib. Bu görüşdə Yüksək Texnologiyalar Parkı ilə birgə layihələrin həyata keçirilməsi, yerli startaplara investorların cəlb olunmasında konsultasiya xidmətlərinin göstərilməsi müzakirə olunub.