Yerli startapımız 90 min manat yatırım alıb
Redaksiyamıza daxil olan məlumatda qeyd edilir ki, yerli startapımız Shrippy layihəsi ciddi investisiya yatırımı alıb.
Bəzi iddialar da var ki, Shrippy layihəsi bazarda uğurlu ola bilməyib.
Bu məlumatları dəqiqləşdriməyə çalışdıq.
Qeyd edək ki, qlobal bazarı hədəfləyən Shrippy SUP akselerator proqramının startaplarından olub.
Shrippy- alış-veriş üçün onlayn platformadır. Platformada aldığınız geyimlərin markasını, qiymətini və yerləşdiyi məkanı qeyd edirsiniz.
Xatırladaq ki, bu yaxınlarda məşhur Instagram platforması da bu xidmətə oxşar funksiyasını elan etdi. Belə ki, artıq istifadəçilər Instagram üzərindən bəyəndikləri bir məhsula dair daha çox detal görə biləcək və birbaşa səbətə əlavə səhifəsinə istiqamətləndiriləcək.
Ekspertlər məhz bu yenilkdən sonra Shrippy layihəsinə böyük rəqibin çıxdığı qeyd edirdilər.
Bu da bəzi iddialara səbəb oldu ki, Shrippy bazara daxil olmaqda gecikdi və belə böyük şirkətlə mübarizə apara bilməyəcək.
Bunları nəzərə alaraq həm layihənin invetisiya alması, həm də hazırda işlərin nə yerdə olması ilə maraqlanmaq üçün layihə rəhbərlərindən Cəfər Nəcəfov ilə söhbət etdik.
Layihə rəhbəri investisiya aldıqlarını təsdiqləsə də, bu yatırımın rəqəmini açıqlamaq istəmədiyini deyib.
Cəfər Nəcəfov bildirib ki, hazırda Shrippy yeni yatırım mərhələsindədir, investorlarla danışıqlar davam edir.
Layihənin uğursuz olması iddialarına gəlincə isə o, qeyd edib ki, Shrippy layihəsi fəaliyyətini dayandırmayıb:
“Düzdür, Instagram tag etmək funksiyasını test etməyə başladığı üçün bu, bizim üçün o qədər də yaxşı olmadı. Bir çox investorlar bunu bizim layihə üçün risk kimi görür. Amma biz bunlara uğursuzluq kimi qiymətləndirmirik və fəaliyyətimizə davam edirik. Hər gün insanlar Shrippy-dən istifadə edərək sosial şəbəkələrdə paylaşımlar edir və bu da bizi ruhlandırır”.
Məsələ ilə bağlı SUP akselerator proqramının yaradıcısı, Khazar Ventures şirkətinin rəhbəri Məmməd Kərimovsorğumuza cavab olaraq bildirib ki, Shrippy layihəsi təxminən 90 min AZN (50 min dollar) investisiya alıb.
Onun sözlərinə görə, yatırımı Khazar Ventures də daxil olmaqla 3 investor həyata keçirib.
Məmməd Kərimov qeyd edib ki, Shrippy layihəsi hazırda Türkiyədə fəaliyyətinə davam edir.
Layihənin uğursuz olması iddiasına münasibət bildirən şirkət rəhbəri vurğulayıb ki, bir startapa yatırımın uğurlu olub-olmaması ancaq 3-4 il müddətində məlum ola bilər. Məmməd Kərimov xatırladıb ki, SUP Shrippy layihəsinə ancaq akselarasiya müddətində dəstək olub.
Qeyd edək ki, ötən il Shrippy layihəsi Türkiyədə keçirilən Webrazzi Summit çərçivəsində startaplar üçün təşkil edilən Webrazzi Arena yarışmasında iştirak edib.
Layihə komandasında Türkiyənin startap bazarında tanınan şəxslərdən Ersin Al, Emrə Yunus Tirnovali də var.
Shrippy ötən il həmçinin MilliNet müsabiqəsində də “Mobil tətbiqlər” nominasiyası üzrə 2-ci yerə layiq görülüb.