“WINTER LAB” ekoloji startaplar proqramının birinci mərhələsi keçirilib
“Sea Breeze” sosial-ekoloji “EkoSfera” mərkəzi ilə əməkdaşlıq çərçivəsində 6–22 yaş arası uşaqlar və gənclər üçün ekoloji düşüncənin və sahibkarlıq bacarıqlarının inkişafına yönəlmiş “WINTER LAB” təhsil proqramına start verilib.
Startup.az xəbər verir ki, təşəbbüs kurort şəhərinin gələcək inkişafında tətbiq edilə biləcək praktiki “yaşıl həllərin” hazırlanmasını nəzərdə tutur.
Proqramın birinci mərhələsi 20–21 dekabr tarixlərində keçirilib. İki gün davam edən təlim sessiyaları, master-klaslar və komanda işi çərçivəsində ümumilikdə 40 iştirakçı ekoloqlar, dizaynerlər və memarların mentor dəstəyi ilə fəaliyyət göstərib.
Təhsil sessiyaları “yaşıl ideyalar” mövzusuna həsr olunub. Buraya kurortun təbii və landşaft mühitinin inkişafı, ekoloji təmiz uşaq oyun zonalarının yaradılması, tullantıların çeşidlənmiş şəkildə toplanması, yaşıl marşrutların və ekomaarifləndirici həllərin formalaşdırılması, həmçinin günəş enerjisindən istifadə edən istirahət formatları daxildir.
Proqramın yekununda “Sea Breeze” ərazisində reallaşdırılması mümkün olan üç layihənin seçilməsi nəzərdə tutulur. Bildirilir ki, bu yanaşma gənclərin dayanıqlı kurort mühitinin formalaşdırılması prosesinə praktiki şəkildə cəlb olunmasına imkan yaradır. Proqramın 2026-cı ildə davam etdirilməsi planlaşdırılır.
Qeyd edək ki, “Sea Breeze” ərazisində həyata keçirilən layihələr tikintinin bütün mərhələlərində ekoloji ekspertizadan keçirilir, su və torpaq keyfiyyəti mütəmadi olaraq monitorinq olunur, mühəndis sistemlərinin fəaliyyəti nəzarətdə saxlanılır. Ərazidə 11 milyondan artıq ağac və bitki əkildiyi, yaşıllaşdırma işlərinin davam etdiyi bildirilir.

