Vüsal Şıxəliyev: “Azərbaycan ESG prinsiplərini özünün milli strategiyalarına daxil edib”
Azərbaycan qlobal ictimaiyyətin məsuliyyətli üzvü kimi Ətraf Mühit, Sosial və Korporativ İdarəetmə (ESG) prinsiplərini öz milli strategiyalarına inteqrasiya edib.
Startup.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri Vüsal Şıxəliyev COP29 çərçivəsində keçirilən Yaşıl Rəqəmsal Fəaliyyət Proqramı üzrə yüksək səviyyəli dəyirmi masada çıxışında bildirib.
Onun sözlərinə görə, qlobal miqyasda sosial bərabərsizlik, dayanıqlı maliyyə təcrübələrinin çatışmazlığı və qeyri-səmərəli idarəetmə kimi problemlər iqlim dəyişikliyi ilə yanaşı, ciddi çağırışlar doğurur:
“Azərbaycan bu problemlərin ESG çərçivəsində həlli məqsədilə mühüm qanunvericilik və institusional islahatlar həyata keçirib. Hökumət bu sahədə əhəmiyyətli nəticələr əldə edib. Bir çox biznes qurumları artıq ESG prinsiplərini öz strategiyalarına uyğunlaşdırmaq niyyətini bəyan edib. Bu sahədə Azərbaycanın beynəlxalq reytinqlərdə əldə etdiyi göstəricilər onun uğurlu bir nümunə olduğunu təsdiqləyir.
Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan 30-dan çox işçi qrupu və 750-yə yaxın mütəxəssis ESG prinsipləri çərçivəsində biznes islahatlarını sürətləndirmək, səmərəli idarəetmə modellərini tətbiq etmək və inklüziv əməkdaşlığı təşviq etmək üçün fəaliyyət göstərir”.
V. Şıxəliyev vurğulayıb ki, ESG yanaşması yalnız ekoloji mühafizə ilə məhdudlaşmır, eyni zamanda biznes rəqabət qabiliyyətini artırır, xarici investisiyaların cəlb olunmasını asanlaşdırır və beynəlxalq bazarlara çıxışı gücləndirir:
“2022-ci ildən etibarən hökumət ESG prinsiplərinin tətbiqini genişləndirmək üçün ciddi addımlar atıb. Dövlət və özəl sektor arasında əməkdaşlığı gücləndirmək məqsədilə ESG platforması yaradılıb. Bu platforma, bilik və resursları birləşdirərək dayanıqlı və uzunmüddətli inkişafı təmin edən yeni bir model təqdim edir. ESG gündəlik əməliyyatların və uzunmüddətli strategiyaların ayrılmaz hissəsinə çevrilib”.
O, ESG-nin uzunmüddətli rentabelliyin və dayanıqlığın gücləndirilməsinə xidmət etdiyini qeyd edərək, bu yanaşmanın Azərbaycanın biznes ekosistemində mühüm rol oynadığını bildirib.