UNEC-də Startap Günlərinə hazırlıqla bağlı görüş keçirilib
Məlumat verdiyimiz kimi, növbəti Startap Günləri Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçiriləcək.
Belə ki, Startap Günləri mayın 25-26-da UNEC-də baş tutacaq.
Hazırda Startap Günlərinə hazırlıqlar davam edir.
Xeberler.az-ın məlumatına görə, bu gün UNEC-də Startap Günlərinə hazırlıqlarla bağlı tələbələrlə görüş keçirilib.
Görüşdə Startap Azərbaycan Təşkilat Komitəsinin ekspertləri Osman Gündüz, Rəşad Əliyev, UNEC-də İnnovativ Biznes Mərkəzinin rəhbəri Mircavid Həsənov və Universitetin müəllim, tələbə heyəti iştirak edib.
Toplantıda İnnovativ Biznes Mərkəzinin rəhbəri Mircavid Həsənov layihənin əhəmiyyətindən danışaraq bildirib ki, Startap Günləri ilə bağlı universitetdə işçi qrupu yaradılıb.
Onun sözlərinə görə, innovativ ideyaları olan onlarla tələbələr Startap Günlərində iştirak etmək üçün hazırlıqlar davam edir.
Sartap Azərbaycanın təşkilat komitəsinin üzvü, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Startap Günlərində iştirak edəcək tələbələrə layihə ilə bağlı geniş məlumat verib.
Osman Gündüz çıxışında bildirib ki, Startap Günlərində əvvəlcə innovativ ideyaların yarışması olacaq:
“Yarışmada qalib gələn ideyalar ətrafında komandalar formalaşdırılacaq. Komandalara mentor dəstəyi təşkil olunacaq, təlimlər keçiriləcək. Daha sonra həmin komandalar ideyalarını biznes plana çevirərək münsiflər heyyətinə təqdim edəcəklər”.
Startap Azərbaycanın təşkilat komitəsinin üzvü, ekspert Rəşad Əliyev isə Startap Günlərində iştirak edəcək tələbələrə öz təcrübələrindən bəhs edib.
Rəşad Əliyev ideyaların startapa necə çevrilməsi, həmçinin bunun metodları, komanda formalaşdırmağın önəmi haqqında tələbələrə geniş məlumat verib.
Sonda ekspertlər işçi qrupun üzvlərinin və tələbələrin suallarını cavablandırıblar.
Startap Günləri Startap Azərbaycan və UNEC təşkilatçılığı ilə keçiriləcək. Layihəyə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, YTP və İT-nin İnkişaı Dövlət ondu dəstək verir.