Televiziya, radio və nəşriyyata büdcədən ayırmalar cüzi artırılıb

Televiziya, radio və nəşriyyata büdcədən ayırmalar cüzi artırılıb

2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən televiziya, radio və nəşriyyata  67.8 milyon manat ayrılacaq.

Startup.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “2025-ci ilin büdcəsi dövlət büdcəsi haqqında" qanunun tətbiqi barədə Fərmanda öz əksini tapıb.

Sənədə əsasən, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 0.2% çoxdur.

O cümlədən, gələn il büdcədən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-yə 42.6 milyon manat maliyyə yardımı nəzərdə tutulub ki, bu da bu ilə nisbətən eynidir.

İctimai Televiziya və Radio Yayımları Şirkətinə maliyyə yardımı isə 0,1 % artırılaraq 21.8 milyon manata çatdırılıb.

Gələn il “Azərbaycan Nəşriyyatı” MMC-yə büdcədən ayırmalar da bu illə müqayisədə eyni - 2.4 milyon manat olacaq. 

“Mir” Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli Nümayəndəliyinə büdcədən ayırmalar isə 0,95 % artırılaraq 0.7 milyon manata çatdırılıb.

Gələn il Mədəniyyət Nazirliyinin media fəaliyyəti üçün isə büdcədə bu ilə nisbətən eyni məbləğdə - 0.3 milyon  manat vəsait ayrılması nəzərdə tutulub.

Paylaş