Startapımız beynəlxalq müsabiqədə uğur qazanıb

Startapımız beynəlxalq müsabiqədə uğur qazanıb

Qərbi Kaspi Universiteti Texnoparkının Biznes-İnkubasiya Mərkəzində fəaliyyət göstərən, üzvlərindən ikisi məktəbli olan və universitetin tələbəsi Azər Nemanlının rəhbərlik etdiyi komandanın işlədiyi Vooby startap layihəsi Türkiyənin İstanbul şəhərində keçirilən “İcatmakinesi” müsabiqəsində uğur qazanıb.

Bu barədə Xeberler.az-a şirkətdən məlumat verilib.

Belə ki, 800-ə qədər layihə arasında Vooby finala vəsiqə qazanaraq ən innovativ 70 layihə arasında düşüb. Layihə müəllifləri uğurlu iştiraka görə təltif ediliblər. Münsiflər Azərbaycanlı gənclərin təqdim etdiyi layihənin innovativliyini və əhəmiyyətini xüsusilə qeyd ediblər.

Qeyd edək ki, bu platforma insanların heç bir ödəniş etmədən öyrənmək istədiyi dili danışan başqa bir insanla onlayn olaraq qarşılıqlı şəkildə dil öyrənə bilməsini təmin etməyi nəzərdə tutur.

Layihə rəhbəri bildirib ki, bu platforma xarici dilləri öyrənmək istəyən insanları online olaraq bir araya gətirir. Layihə əlavə olaraq dərsliklərlə təchiz olunub: "Bu dərsliklər sayəsində dil öyrənmə daha da asanlaşır. Birisi öyrəndiyi dildə hansısa cümlə və ya sözü bilmədikdə bunu başqalarından soruşa bilər. Sadəcə, öyrənmək istədiyini hesabında paylaşmağı kifayət edir. Əsas üstünlük platformanın tam pulsuz şəkildə istifadəyə verilməsidir. Mobil tətbiqi yükləyərək heç bir çətinlik çəkmədən istifadə etmək mümkündür”.

Qeyd edək ki, bu layihə bu yaxınlarda Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elektron Təhsil Respublika Müsabiqəsində birinci yerə layiq görülüb. 

Paylaş