Startap ekosistemində nə baş verir?-Mərkəzlər birləşdi
Məlum olduğu kimi, Azərbaycanda biznesə yeni başlayan İT layihələrə dəstək vermək üçün bir neçə innovasiya mərkəzi fəaliyyət göstərir. Belə ki, bu mərkəzlər kiçik sahibkarlığın inkişafına dəstək vermək üçün müxtəlif proqramlar həyata keçirir.
NEXT STEP və Sup da həmin mərkəzlər arasındadır.
Xeberler.az olaraq hər iki mərkəzin bu günə qədər həyata keçirdiyi işlər və proqramlar barədə oxucularımıza mütəmadi məlumatlar təqdim edirik.
Əldə etdiyimiz məlumata görə, son vaxtlar mərkəzlərin fəaliyyət istiqamətində dəyişiklik olub. Bu barədə ətraflı məlumat verəcəyik, öncə mərkəzlər haqda qısa məlumat təqdim edirik:
Sup Azərbaycanda startapların fəaliyyətini sürətləndirmək məqsədi ilə həyata keçirilən akselerator proqramıdır. Mərkəz 2015-ci ildə fəaliyyətə başlayıb.
Sup-un startaplar üçün elan etdiyi proqramlarda startaplar və potensial investorlarla görüşün təşkil edildiyi Demo Day keçirilir.
Qeyd edək ki, SUP akselerator proqramı ATL və Khazar Ventures şirkəti tərəfindən yaradılıb.
Elə Sup-a ilk vaxtlar ATL dəstək olaraq, burada çalışacaq startaplar üçün ATL-də ofis də ayırmışdı.
Proqramın əsas məqsədi startapların həm ölkə həm də ölkə xaricində böyüməsinə təkan verməkdir. SUP startapların ilkin mərhələsində təhsil, təcrübə paylaşımı, maliyələşmə, texniki və marketinq dəstəyi kimi bir sıra xidmətləri təqdim edir.
NEXT STEP İnnovasiya Mərkəzi isə 15 may 2015 – ci il tarixində təsis edilib.
NEXT STEP İnnovasiya Mərkəzi fəaliyyətə başladığı gündən etibarən öz qapılarını bütün vətəndaşlara açıb. Yeni ideyası olan, elmi-tədqiqatda nəaliyyət əldə edən, dünyaya öz töhvəsini vermək istəyən istənilən şəxsin layihəsini qəbul etməyə, dəstək verməyə və reallaşdırmağa daima yardım göstərmək üçün fəaliyyətə başlayıb.
Demək olar ki, Azərbaycanda real olaraq ilk dəfə NEXT STEP iştirakçılara maddi dəstək göstərib.
Belə ki, bu ilə qədər NEXT STEP İnnovasiya Mərkəzinin 5 "Öz İdeyanı Gerçəkləşdir!" Layihə Müsabiqəsi təşkil edərək, bir çox layihəyə ilkin mərhələdə dəstək olub.
Layihə Müsabiqəsinin qaliblərini bu dəfə 3 aylıq proqram çərçivəsində daha geniş imkanlar təqdim edilib. Bunlara, tam təchizatlı müasir dizaynlı ofis şəraiti, həftəlik layihə əsaslı ABŞ-dan mentor dəstəyi, həftəlik ümumi ABŞ-dan “Təşəbbüskarlıq” təlimi, məhsul istehsalı olan layihə üçün laboratoriya şəraiti və avadanlıqların təşkilinə dəstək və minimum tələbatı ödəmək üçün ayda 2000 AZN-ə qədər maddi dəstək daxildir.
Xeberler.az-ın əldə etdiyi məlumata görə, NEXT Step Sup-a birləşdirilib. Beləliklə, Sup da yeni ofis köçüb və artıq fəaliyyətinə NEXT STEP ilə birlikdə yeni ofisdə davam edir. Sup-un yeni məkanı artıq AF Business House-dur.
Onu da qeyd edək ki, Next Step-in direktoru Kamran İmaməliyev də bir müddət öncə Mərkəzdən ayrılıb.
Əldə etdiyimiz məlumata görə, bundan sonra NEXT STEP və Sup fəaliyyətinə əvvəlki formada davam etməyəcək. Belə ki, mərkəzlərin fəaliyyət istiqaməti dəyişib.
Qeyd edilib ki, Sup-da ümumi fond yaradılıb və həmin fond xaricdəki startapları dəstəkləyəcək.
Sektorda digər iddilar isə onunla bağlıdır ki, ATL Group artıq Sup-u dəstəkləməkdən imtina etdiyi üçün Sup da fəaliyyətinə yeni istiqamətdə başlamaq qərarına gəlib. Qeyd edək ki, bu məsələni dəqiqləşdirə bilməmişik.
Mərkəzlərin birləşməsi ilə bağlı isə Sup-dan Xeberler.az-a bildirilib ki, bir aydan sonra rəsmi açıqlama veriləcək.
Startup.az