Rəqəmsal yaradıcı həftəsonu elan olunur
Azərbaycanda 2024-cü il mayın 31-dən iyunun 3-dək elan olunan Rəqəmsal Yaradıcı Həftəsonu (Digital Creative Weekend) çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi ilə genişmiqyaslı oyun festivalı – “Gamesummit 2024”, ICESCO-nun “A-Hub Akselerasiya Proqramı”nın (2023-cü il üzrə) dünya finalı təşkil ediləcək.
Startap.az xəbər verir ki, mayın 31-də Bakı Kristal Zalında dünyaca məşhur pop musiqiçisi Con Nyumanın açılış konserti ilə başlayacaq oyun sammiti festival, performans və oyun konfransı olmaqla 3 hissədən ibarət olacaq və 3500-dən çox kompyuter oyunu həvəskarlarını, oyun tərtibatçılarını və şirkətləri, icmaları, İT startapları eləcə də müxtəlif dövlət qurumlarının nümayəndələrini bir araya gətirəcək.
Tədbir çərçivəsində aparıcı xarici və yerli ekspertlərin iştirakı ilə beynəlxalq biznes konfransının təşkili, yerli şirkətlər arasında ən yaxşı kompyuter oyunu üzrə müsabiqənin keçirilməsi, həmçinin “Yaradıcı” brendi, rəqəmsal incəsənət, animasiya və digər sərgi pavilyonlarının yaradılması nəzərdə tutulub.
onfransdan əlavə, ziyarətçilərə müxtəlif interaktiv əyləncələr - arkad maşınları, VR zonası və müstəqil yerli tərtibatçıların oyunlarının nümayişi baş tutacaq. Sammitdə “e-Sports” kateqoriyası üzrə müxtəlif yarışmalar, “Cosplay” (xüsusi personajların həvəskar şəxslər tərəfindən təmsil və nümayiş etdirilməsi), “K-pop” (Koreya pop musiqisi) rəqsləri və musiqili çıxışlar, həmçinin “AzDimension” studiyası tərəfindən həmin günədək elan olunmamış oyunlar təqdim olunacaq.
“Gamesummit” oyun texnologiyası sahəsində olan ən son nailiyyətlərini nümayiş etdirmək, müstəqil oyun tərtibatçılarına istedadlarını üzə çıxartmaq və peşəkarlar oyunçularla əlaqə qurmaq üçün platforma rolunu oynayacaq.
İyunun 2-də Bakı Kristal Zalında ICESCO-nun “A-Hub Akselerasiya Proqramı”nın (2023-cü il üzrə) dünya finalı, iyunun 3-də Şuşada mükafatlandırma mərasimi baş tutacaq.
Qeyd edək ki, “A-Hub Akselerasiya Proqramı” ICESCO-ya üzv ölkələrdə 2021-ci ildən etibarən innovativ inkişaf sahəsində təşəbbüslərin dəstəklənməsi, biznes subyektlərinin və gənclərin bu sahəyə marağının artırılması, mədəniyyət sahəsi ilə özəl yaradıcı sahibkarlıq subyektlərinin əlaqələndirilməsi məqsədilə həyata keçirilir.
İyunun 3-də Şuşada 3 panel sessiyadan ibarət “Beynəlxalq Sahibkarlar Forumu” keçiriləcək. Forum çərçivəsində “Startapların və gələcək inklüziv texnologiyaların önəmi”, “Sahibkarlıq vasitəsilə qadınların gücləndirilməsi: Trendlər və Çağırışlar” mövzularında müzakirələr aparılacaq.
Tədbirlər Azərbaycan Respublkası Prezidentinin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planının müvafiq bəndinin icrası ilə əlaqədar mədəniyyət və yaradıcı sənayelərin sənaye kimi formalaşmasının və bazar iştirakçılarının fəaliyyətinin dəstəklənməsi, o cümlədən istehsalat bazasının təkmilləşdirilməsi və sahəvi klasterləşmənin təşviqi məqsədilə həyata keçiriləcək.