Startapçılarımız beynəlxalq  müsabiqənin yarımfinalında iştirak edəcək

Startapçılarımız beynəlxalq müsabiqənin yarımfinalında iştirak edəcək

Məlumat verdiyimiz kimi, Bakıda Rusiya Federasiyasının Skolkovo Fondu tərəfindən “Açıq İnnovasiyalar üzrə Startap Turu (Open Innovations Startup Tour) keçirildi.

Qeyd edildi ki, azərbaycanlı qaliblər Startup Village  musabiqəsinin yarımfinalında iştirak edəcək.

6-7 iyun tarixlərində Skolkovo İnnovasiya Mərkəzində təşkil ediləcək startap-musabiqəsinin yarımfinalında ölkəmizdən Arif Mövsümzadə, Aleksey Cəfərov və Fidan Rüstəmovadan ibarət Spinal komandasının Lia layihəsi, Orxan Əhmədovun Kvotter layihəsi, Şahlar Paşayevin "Sağlam Yaşam platforması" layihəsi təmsil olunacaq.

Bu barədə Xeberler.az-a NRYTN-dən məlumat verilib.

Məlumata görə, ümumilikdə tədbirdə 20 000-dən çox iştirakçı, 3500 startap və 600-dən çox investorların iştirakı nəzərdə tutulur.

Azərbaycandan olan startapların həmin musabiqədə iştirakı potensial investorlar qarşısında öz layihələri haqqında ətraflı məlumat verməyə, həmçinin beynəlxalq bazarlara çıxış imkanları əldə etməyə əlverişli şərait yaradacaq.

Xatırladaq ki, Rusiya və MDB məkanında innovativ startapların axtarışı üzrə ən böyük tədbir sayılan Açıq İnnovasiyalar üzrə Startap Turu cari ilin 17-18 aprel tarixlərində Bakıda baş tutub. Əsas məqsədi yüksək texnologiyalar sahəsində perspektivli və innovativ layihələrin həyata keçirilməsinə dəstək vermək olan tura 235 iştirakçı, 82 layihə müraciət edib, onlardan 15 layihə iştirak hüququ qazanıb.

Startup Village startap-musabiqəsi Açıq İnnovasiyalar üzrə Startap Turu çərçivəsində keçirilən ənnəvi tədbirdir və Avropada ən böyük startap müsabiqələrindən hesab olunur.

Paylaş