Orxan Məmmədov: Türk İnvestisiya Fondu KOB-larla bağlı layihələri maliyyələşdirməyi nəzərdə tutur
“Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişdə KOB-ların maliyyələşdirilməsi ilə bağlı KOBİA tərəfindən təqdim edilən təkliflərin əks olunması bizi çox sevindirir.
Startup.az xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin (KOBİA) sədri Orxan Məmmədov “Türk İnvestisiya Fondu və Türk Ticarət və Sənaye Palataları Birliyi (TCCI): Biznes Liderləri üçün Məlumatlandırma Görüşü və B2B” tədbirində deyib.
Onun sözlərinə görə, fond KOB-larla bağlı layihələri maliyyələşdirməyi nəzərdə tutur.
“Fond, eyni zamanda, nəqliyyat və logistika zəncirinin genişləndirilməsini dəstəkləyir. Buna görə, agentliyimiz KOB-ların regional təchizat zəncirinə inteqrasiyasını təşviq etmək məqsədilə KOB İxrac Akseleratorun yaradılmasına dəstək göstərə bilər. Bu platforma ilkin mərhələdə rəqəmsal formatda yaradıla bilər”, - deyə Orxan Məmmədov vurğulayıb.
O.Məmmədov qeyd edib ki, KOBİA Azərbaycanda ESG prinsiplərinin tətbiqini fəal şəkildə təşviq edir və bu məqsədlə ESGHUB platforması yaradılıb: “Fondun müvafiq sahələrdə, müxtəlif inkişaf layihələrinə dəstək göstərdiyini nəzərə alaraq, klaster şirkətlərinin təşviqi istiqamətində əməkdaşlıq edə bilərik. KOBİA 2024-2026-cı illərdə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Biznes Şurasına sədrlik edəcək. Bu, xüsusilə burada iştirak edən təşkilatlarla mövcud əlaqələrimizi nəzərə alaraq, əməkdaşlıq üçün yeni imkanlar yaradır”.