Maliyyə institutlarının bazar payının kəmiyyət meyarları üzrə şərtlər müəyyən edilib
Nazirlər Kabineti maliyyə institutlarının hökmran mövqeyinin müəyyən edilməsi şərtlərini (bazar payının hədləri və müəyyən edilməsi meyarları) təsdiq edib.
Startup.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Kredit təşkilatlarının müvafiq bazarda bazar paylarının hesablanmasında aşağıdakı kəmiyyət meyarları əsas götürülür:
- Banklar və maliyyə xidmətləri sahəsində lisenziya almış poçt rabitəsinin milli operatoru üzrə son hesabat ilində əldə edilmiş faiz və qeyri-faiz gəlirlərinin cəmi;
- Bank olmayan kredit təşkilatları üzrə son hesabat ilində əldə edilmiş faiz və qeyri-faiz gəlirlərinin cəmi;
- Kredit ittifaqları üzrə son hesabat ilində əldə edilmiş faiz və qeyri-faiz gəlirlərinin cəmi.
Sığorta bazarının peşəkar iştirakçıları üçün bazar paylarının müəyyən edilməsində isə bu meyarlar tətbiq olunur:
- Sığortaçılar üzrə son hesabat ilində əldə edilmiş sığorta haqları (həyat və qeyri-həyat sığorta sahələri üzrə ayrı-ayrılıqda);
- Sığorta brokerləri və agentləri üzrə son hesabat ili ərzində yığılmış komisyon haqları.
Kapital bazarlarının iştirakçıları üzrə bazar paylarının hesablanmasında istifadə edilən kəmiyyət meyarları:
- İnvestisiya şirkətləri üçün fond birjasında (və ya birjalarında) son hesabat ilində qeydə alınmış ticarət dövriyyəsinin həcmi;
- İnvestisiya fondları üçün fondun və ya onun idarəçisinin son hesabat ilində cəmi müştəri aktivlərinin həcmi;
- Klirinq təşkilatları üçün hesabat ili ərzində tənzimlənən bazarda həyata keçirilmiş əməliyyatların cəmi həcmi.
Bank olmayan ödəniş xidməti təchizatçıları üzrə bazar paylarının müəyyən edilməsində əsas meyar son hesabat ili ərzində ödəniş xidmətləri göstərilməsi üzrə əldə edilmiş gəlirlərin həcmi.
Valyuta mübadilə məntəqələri üzrə bazar paylarının hesablanmasında son hesabat ili ərzində aparılmış valyuta mübadilə əməliyyatlarının ümumi həcmi əsas götürülür.
Maliyyə institutlarının bazar payları belə hesablanır: müvafiq bazar iştirakçısının müəyyən zaman aralığında göstərdiyi fəaliyyətin həcmi, həmin bazarın bütün iştirakçılarının eyni fəaliyyət üzrə ümumi həcminə bölünür və nəticə yüzə vurulur.
Bir maliyyə institutu müvafiq bazarda 50 % və ya daha çox bazar payına malik olduqda, hökmran mövqe tutmuş hesab edilir. Müvafiq bazarda hərəkətləri birbaşa və ya dolayı yolla birgə xarakter daşıyan, hər biri 10 %-dən çox bazar payına malik olan maliyyə institutları (ən çox paya malik olanlar əsas götürülməklə) aşağıdakı hallarda birgə hökmran mövqe tutmuş hesab edilirlər:
- 2 maliyyə institutunun birgə bazar payı 50 %-dən çox olduqda;
- 3 və ya 4 maliyyə institutunun birgə bazar payı 70 %-dən çox olduqda.
Maliyyə institutlarının birgə hökmran mövqeyinin müəyyən edilməsi zamanı onların hərəkətlərinin birbaşa və ya dolayı yolla birgə xarakter daşıması Mərkəzi Bank ilə razılaşdırmaqla rəqabət orqanı tərəfindən müəyyən edilir.