KOBİA Sahibkarlığın İnkişafı Fondu ilə birgə yeni mexanizmin tətbiqinə başlayıb
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yeni alətlərin tətbiqi məqsədilə Sahibkarlığın İnkişafı Fondu ilə birgə kiçik həcmli güzəştli kreditə ehtiyacı olan sahibkarlar üçün yeni mexanizmin tətbiqinə başlayıb.
Startup.az xəbər verir ki, bunu KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov “Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər” mövzusunda keçirilən Azərbaycan Mikromaliyyə Konfransında bildirib.
O bildirib ki, bu mexanizm çərçivəsində 5,7 milyon manat təşkil edən toplam 914 bildiriş verilib.
“Bunlardan 3 milyon manat təşkil edən 514 bildiriş məhz bu ilin 9 ayı ərzində sahibkarlara təqdim olunub. Bu mexanizm həm regionlarda maliyyə əlçatanlığını asanlaşdıracaq, həm də banklar üçün risk amilinin azaldılmasına ciddi dəstək vermiş olacaq. Bundan əlavə, KOBİA tərəfindən KOB-ların təhsil, elm, tədqiqat və dəstək layihələri üçün qrant da verilir. İndiyədək 100-ə yaxın belə layihəyə 1,4 milyon manat həcmində qrant vəsaiti ayrılıb. Eyni zamanda, sahibkarlıq fəaliyyətində innovasiyaların təşviqi məqdədilə KOBİA tərəfindən startap sertifikatları da təqdim olunur”, - deyə O.Məmmədov qeyd edib.