“Kaspersky Lab-ın startap proqramına Azərbaycandan müraciət olmayıb”

“Kaspersky Lab-ın startap proqramına Azərbaycandan müraciət olmayıb”

Məlumat verdiyimiz kimi, ötən ilin noyabrında Kaspersky Lab şirkəti informasiya təhlükəsizliyi sahəsində öz startaplarını yaratmaq istəyən gənc istedadlara mütəxəssis və maliyyə dəstəyi göstərmək məqsədilə ötən  “Kaspersky Start” proqramı elan etdi.

Qeyd edildi ki, proqram bu ilin mart ayınadək davam edəcək.

Elanda “Kaspersky Start” proqramında iştirak etmək üçün hər kəs,o  cümlədən Azərbaycandan olan gənc istedadların da  ərizə forması ilə müraciət edə biləcəyi  bildirilmişdi.

Məsələ ilə bağlı  şirkətin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Müşfiq Məmmədov Xeberler.az-a bildirib ki, hazırda proqram davam edir və artıq bu aydan proqram dayandırılacaq.

Kaspersky Lab-in Azərbaycanda startap sahəsini dəstəkləmək istədiyini deyən şirkət rəsmisi qeyd edib ki, proqrama Azərbaycandan müraciət edən layihə olmayıb.

Onun sözlərinə görə, şirkət  ölkədə innovativ ideyaları, layihələri olan tələbə və gəncələri dəstəkləmək üçün Təhsil Nazirliyi ilə əməkdaşlığı genişləndirir:

“Ötən günlərdə  keçirilən “SABAH” İnnovasiya Forumunda iştirak etdik. Qeyd edim ki, forumda çox maraqlı innovativ layihələr, startaplar vardı. Şirkətimiz belə layihələrə dəstəyi  davam etdirəcək”.

Müşfiq Məmmədovun məlumatına görə,  proqramın nəticələrinə əsasən, ən uğurlu layihənin müəllifləri 1 mln. rubl (təxminən 16 min dollar) və öz startpalarını “Kaspersky Lab” şirkətilə birgə bazara çıxarmaq imkanı əldə edəcək:

““Kaspersky Start” proqramında iştirak etmək üçün ilkin inkişaf mərhələsində olan layihənin olması mütləqdir, məsələn, bu, aparat və ya proqram həllinin prototipi formasında bir layihə ola bilər. Layihə konsept formasında da mövcud ola bilər, əsas şərt öz innovativ ideyasının həyata keçməsi üçün çalışmağa hazır olan komandanın olmasıdır”.

Onun sözlərinə görə,  Kaspersky Lab isə öz növbəsində startap komandalarını maliyyə vəsaiti və Moskvanın mərkəzində kovorkinq ofisi ilə təmin edəcək, həmçinin yeni fəaliyyətə başlayan sahibkarlar üçün kibertəhlükəsizlik üzrə ekspertlərin iştirakı ilə praktiki seminarlar təşkil edəcək.

Qeyd edək ki, ərizə qəbulundan sonra 20 startapın seçiləcək öz layihələri üzərində işləməsi nəzərdə tutulurdu.

Məlumata görə, bu yaxınlarda layihələrin seçimi olacaq.  Belə ki, “Kasperky Start” proqramının münsifləri startap komandalarının həyata keçirdikləri layihələrin nəticələrini qiymətləndirərək əsas mükafatı – 1 milyon rubl məbləğində vəsaiti təqdim edəcək, eyni zamanda layihənin bazara çıxarılması üçün dəstək alacaq bir və ya bir neçə komandanı müəyyənləşdirəcək.

“Kaspersky Start” haqqında ətraflı məlumatı və startaplar üçün mümkün ideyaları buradan əldə etmək olar.

Paylaş