Hüquq xidmətlərini elektron qaydada təqdim  edən ilk startap

Hüquq xidmətlərini elektron qaydada təqdim edən ilk startap

Azərbaycanda hüquq xidmətlərini elektron qaydada təqdim edən ilk startap yaradılıb.

Belə ki, oktyabr ayının 1-dən fəaliyyətə başlayan startap hüquq sektoruna xidmət edir.

İnformasiya Texnologiyaları İnkişaf Dövlət Fondunun qrant dəstəyi ilə hazırlanmış  “Huquq.Online”, öz müştərilərinə ucuz, sürətli və keyfiyyətli hüquq xidmətləri təqdim etməyi qarşına həfəf qoyub.

Startap ilə bağlı ətraflı layihənin həmtəsisçisi Qalib Məmmədov ilə ətraflı söhbət etdik.

Startup.az Xeberler.az-a istinadən müsahibəni təqdim edir:

-Qalib bəy, Azərbaycanda hüquq sahəsi ilə bağlı startap layihəsi görmək maraqlıdır. Yəqin ki, bu sahədə araşdırmalar aparıb, problemləri görüb belə layihə yaradıbsınız

- Bəli, araşdırma, müşahidələrimiz göstərir ki,  bir çox insanlar hüquq xidmətləri əldə etmək üçün ya birbaşa hüquq kontorlarına üz tutur və yaxud tanışlarından bununla bağlı yardım almağa çalışır. Birbaşa hüquq kontoruna baş vurduqda isə onlar, həmin hüquq kontorunda qiymətlərin ağılabatan olub olmadığı və ya göstəriləcək xidmətlərin keyfiyyətli olub olmadığını müəyyənləşdirə bilmirlər. Eləcə də, bu, çox yorucu və vaxt aparan bir prosesdir.

 

Münasib hüquq xidmətləri göstərən hüquqşünasın və ya şirkətin tapılması üçün tanışların rəyinə gəldikdə isə bir çox hallarda insanlar özlərinin üzləşdiyi hüquqi problemləri öz tanışları ilə paylaşmaq isdəmirlər və bu səbəbdən tanışlardan sorğu etməyə çəkinirlər. Digər problem isə ondan ibarətdir ki, nisbətən kiçik şirkətlər və staraplar üçün hüquq xidmətləri əldə etmək və ya hüquqşünas vakansiyası üzrə işçi cəlb etmək o qədər də səmərəli olmur və nəticədə onlar ya çoxlu pul xərcləməklə keyfiyyətsiz xidmətlə qarşılaşırlar. Və yaxud da hüquqi yardım əldə etmədən fəaliyyət göstərirlər ki, bu da gələcəkdə böyük risklərin reallaşmasına səbəb olur.

-  “Huquq.online” startapı hansı xidmətləri təklif edir?

-Yeni startap olan “Huquq.online” insanlara hüquq xidmətlərini evdən çıxmadan, tanışlara zəng vurmadan, öz kompüterlərindən istifadə etməklə elektron qaydada və çox səmərəli qiymətlərlə əldə etmək imkanını təklif edir. Kiçik və orta bizneslər də, bahalı hüquq xidmətləri göstərən klassik hüquq şirkətlərinə və hüquqşünaslara ödədikləri xərcləri əhəmiyyətli dərəcədə azaltmaq və çox qısa müddətdə, yüksək keyfiyyətli elektron hüquq xidmətləri əldə etmək üçün, “Huquq.online”-a müraciət edə bilərlər.

-Startap necə işləyir?

 

-“Huquq.online”-da “sual ver”, “ərizə, şikayət və məktublar”, “müqavilələrin hazırlanması”, “məhkəmə sənədlərinin hazırlanması”, “sənədlərin və müqavilələrin ekspertizası”, “şirkətlərin yaradılması və korporativ xidmətlər” xanalarına daxil olub, müvafiq blankları doldurmaqla və elektron qaydada ödəniş etməklə, bir neçə dəqiqə ərzində evdən çıxmadan yüksək keyfiyyətli hüquq xidmətləri əldə etmək mümkündür.

“Huquq.online”da qiymətlər necədir?

-Qeyd etmək lazımdır ki, hüquq xidmətləri göstərən hüquqşünaslar Avropanın və Amerikanın ən nüfuzlu universitetlərinin məzunları olmaqlarına və geniş təcrübəyə malik olmalarına baxmayaraq, “Huquq.online”-nın təqdim etdiyi xidmətlər yerli bazarda fərdi hüquqşünasların və hüquq şirkətlərinin təklif etdiyi xidmətlərdən dəfələrlə ucuzdur.

Qalib Məmmədov həmçinin qlobal JoinB2B.com startapının da həmtəsisçisidir.

Paylaş