Gənc sahibkar axtarırlar-Layihə

Gənc sahibkar axtarırlar-Layihə

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə DVC-nin Youth Inc. Sahibkarlıq Proqramı çərçivəsində “Gənc Sahibkar Axtarışında” adlı layihəyə start verilib.

Startup.az-ın məlumatına görə, 3 ay davam edəcək layihə Bakı və Şəki şəhərlərində 16-29 yaş arası gəncləri əhatə edəcək.

Gənclərin sahibkarlıq fəaliyyətinə dəstək olmaq, gənclər arasında sahibkarlıq metodologiya və biliklərini formalaşdırmaq, kiçik və orta sahibkarlığın inkişafına töhfə vermək, habelə “Gənc sahibkarların ideyaları və startap ekosistemi” kataloqunun yaradılması məqsədilə keçirilən layihə zamanı multipleyer (təlimçi) şəbəkəsi formalaşdırılacaq.

 Şəbəkə Bakı və Şəki şəhərini əhatə edən gənclərə biznes və sahibkarlıq mövzusunda maarifləndirmə təlimləri keçəcək, layihənin təqdimatını həyata keçirəcək.

Bakı və Şəki şəhərlərindən seçilmiş 5 biznes layihənin ekspertlər tərəfindən baxılaraq, investorlarla görüşlərin keçirilməsi planlaşdırılıb.

Həmçinin ekspertlərin qiymətləndirməsi nəticəsində ilk 10-luqda yer alan biznes layihələrin planlaşdırılan “Gənc sahibkarların ideyaları və startap ekosistemi” kataloqunda yerləşdirilməsi nəzərdə tutulub.

Azərbaycanda ilk dəfə nəşr olunacaq “Gənc sahibkarların ideyaları və startap ekosistemi” kataloqunda biznes və startap ekosisteminə aid olan maarifləndirici məlumatlar, o cümlədən biznes inkubasiya mərkəzləri, onların maliyyə və  investisiya mənbələri haqqında ətraflı məlumatlar yer alacaq.

Startup.az

Paylaş