Dünyanın məşhur akselerasiya proqramında iştirak edən startaplarımız-Müsahibə
Azərbaycanın yerli startapları “500 Global” akselerasiya proqramına qəbul olublar. 3 ay davam edəcək proqramda “Bonpara”, “E-point.az” və “Voiceloft” startapları iştirak edir.
Məlumat üçün bildirək ki, “500 Global” akselerasiya proqramı dünyanın ən yaxşı akseleratorlarından hesab edilir. Hər il proqrama dünyanın müxtəlif ölkələrindən onlarla startapı qəbul edilir. Proqram iştirakçı startaplar layihələrini inkişaf etdirməyə, investisiya və investorlarla əlaqələndirməyə imkan yaradır.
Startup.az-ın nümayəndəsi hazırda Gürcüstanın Tiflis şəhərində keçirilən proqramda iştirak edən startaplarımızın nümayəndələri ilə ətraflı söhbət edib.
“Bonpara” startapının qurucusu Orxan Əhmədovla müsahibəni təqdim edirik:
Orxan, öncə ondan başlayaq: Proqrama qəbul edilən startaplarımız hansılardır, nə iş görürlər?
-Bu il “500 Global Georgia” proqramında üç Azərbaycan startapı iştirak edir. “Bonpara” onlayn alış-verişdən kəşbək qazanmağa kömək edən platformadır. Şirkət həm özü bir başa müştərilərə xidmət edir, həm də korportativ qurumlar üçün “Whitelabel” həll təklif edir. Belə desək, istənilən şirkət bonpara həllindən istifadə edərək, bir həftəyə öz kəşbək platformasını işə sala və ya mövcud xidməti ilə inteqrasiya edə bilər. Eyni zamanda şirkət elektron ticarət və fintech üçün həllər üzərində işləyir.
“E-point.az” Azərbaycanda və dünyada kiçik və orta müəssisələr üçün rəqəmsal ödəniş aqreqatoru və e-ticarət platformasıdır. Şirkət elektron ödənişlərin qəbulunu asanlaşdıraraq, biznesin daha sürətli inkişaf etməsinə dəstək olur.
“Voiceloft” startapı isə nitqin tanınması texnologiyalarını inkişaf etdirmək üçün istifadə edilən səs məlumat dəstlərinin toplanmasına və təsdiqlənməsinə diqqət yetirir. Şirkət vurğu və qeyri-doğma danışanlar üçün səsin/nitqin tanınması problemini həll edir.
Proqram nə qədər davam edəcək və burada iştirak startaplara nə qazandırır?
-Akselerasiya proqramı üç ay davam edəcək. Proqramda iştirak startap layihəmizin inkişafı və qlobal bazara çıxış edə bilməsi üçün hərtərəfli təlim və dəstək qazandırır. Eyni zamanda, bu proqramın məzunları arasında əlaqələr və şirkətləri üçün yatırım əldə etməyi asanlaşdırırlar.
Proqram çərçivəsində hansı istiqamətdə təlimlər keçirilir?
-Proqram çərçivəsində ilk növbədə layihənin inkişafı yönündə görülməli sistematik işlər, müştərilərin doğru təyin edilməsi, marketinq, hədəflər və digər mövzularda təlimlər aparılır.
Yəqin ki Gürcüstan bazarını müşahidə və analiz etməyə imkanınız olur. Necə düşünürsüz, qonşu ölkənin startap ekosistemi formalaşıbmı, potensial varmı?
-Elə hesab edirəm ki, Gürcüstan startap bazarı Azərbaycan bazarından daha aktivdir və irəlidədir. Proqram çərçivəsində mütəmadi olaraq əvvəlki illərin məzunları ilə görüşlər keçirilir və əksəriyyəti multi-milyon dollarlıq bazar paylarına sahib, digərləri isə amerikan şirkətləri tərəfindən bir neçə milyon dollar dəyərləndirmə ilə satın alınıblar. “500 Global” proqramının da məhz Gürcüstanda keçirilməsi, buradakı startap ekosisteminin daha sürətlə inkişafına təkan vermək məqsədini daşıyır.
Sizcə, yerli startaplarımızın bu proqramdan öyrəndikləri Azərbaycan startap bazarının inkişafını sürətləndirməyə kömək edə bilərmi?
-”500 Global Georgia” proqramının özəlliyi odur ki, yalnız Gürcüstan startaplarına fokuslanmayıb və yaxın ölkələrdən olan startapları da öz proqramına qəbul edərək, bu startpların inkişafına dəstək olur. Bu artıq Gürcüstanda keçirilən 3-cü proqramıdır və Azərbaycan startapları ilə bərabər proqramda Gürcüstan, Ermənistan, Rusiya, Özbəkistan və İngiltərə-Pakistandan da layihələr var. Proqrama yüzdən çox layihə müraciət etsə də, cəmi 15 startap layihə seçilib. Ümid edirik ki, bizim burada topladığımız təcrübə və biliklər Azərbaycan startap ekosisteminin inkişafına kömək edəcək. Hətta bundan əvvəlki “500 Georgia” proqramının məzunlarından olan, Azərbaycanlı təsisçilər tərəfindən qurulmuş “Nexsale" startapı bu ilin əvvəlində xarici şirkət tərəfindən satın alınıb.