Azərbaycanın ilk rəsmi kriptovalyutasının təqdimatı keçiriləcək
15 yanvar Azərbaycan İnnovasiya Mərkəzində Azərbaycanın ilk rəsmi kriptovalyutasının -“PortCoin”in təqdimatı keçiriləcək.
Startup.az məlumat verir ki, PortCoin Mərkəzi Bankın Xüsusi tənzimləmə rejimi (Sandbox) çərçivəsində yaradılıb.
Qeyd edək ki, PortCoin Telman Axundovun rəhbərlik etdiyi "Mobile Payment Solutions" MMC -nin rəqəmsal məhsuludur. Bu şirkət isə Mərkəzi Bank tərəfindən 8 iyul 2024-cü il tarixində verilmiş EPT-005 saylı lisenziya əsasında xidmətlər göstərir.
PortCoin kriptovalyutasının “Portmanat” onlayn ödəniş sistemi üzərindən alışı və satışı Portmant istifadəçilərinin ixtiyarına verilib.
PortCoin kriptovalyutasının alışı və satışı üçün “Portmanat” tətbiqini yükləmək, qeydiyyatdan keçmək və ASAN imza, yaxud SİMA imza ilə təsdiqləmək tələb olunur.
Sabah keçirilməsi nəzərdə tutulan tədbirdə kriptovalyuta bazarında baş verən yeniliklər haqqında Telman Akhundov , Elshad Yusifli və Orkhan Ahmadov və digərlərinin çıxışları olacaq.