Azərbaycan startapı “Keepface” Çində şirkət qurub
“Keepface” qlobal genişlənmə strategiyasının növbəti mərhələsi çərçivəsində Çində rəsmi şirkət yaradıb və bank hesabı açıb.
Startup.az xəbər verir ki, bu barədə “Keepface”in həmtəsisçisi Vaqif Abbasov bildirib.
Onun sözlərinə görə, Çində yaradılan struktur yalnız yerli bazara xidmət göstərməyəcək. “Keepface” buradan Cənubi Koreya, Yaponiya, İndoneziya və regionun digər aparıcı bazarlarına doğru fəaliyyətini genişləndirməyi planlaşdırır.
Qeyd edək ki, “Keepface” 2017-ci ildə Azərbaycanda üç nəfərlik komanda ilə fəaliyyətə başlayıb. Şirkətin təsisçilərinin qarşıya qoyduğu əsas məqsədlərdən biri Azərbaycan hüdudlarından kənara çıxaraq beynəlxalq bazarlarda fəaliyyət göstərmək olub.
Şirkət genişlənmə prosesi çərçivəsində əvvəlcə Birləşmiş Ərəb Əmirliklərində, daha sonra ABŞ-da strukturlaşıb. Çində şirkətin yaradılması isə “Keepface”in beynəlxalq fəaliyyətinin növbəti mərhələsidir.
“9 il əvvəl Azərbaycanda üç nəfərlə başlayan bu yolun bizi bu gün Çinə gətirməsi həqiqətən xüsusi hissdir. Hələ yolun əvvəlindəyik. Qarşıda daha böyük hədəflər və əlbəttə, daha çox iş var. Keepface üçün yeni bir səhifə başlayır”, - Vaqif Abbasov bildirib.
Xatırladaq ki, “Keepface” qlobal inflüenser marketinq platformasıdır. Platforma brend və agentliklərə uyğun inflüenserlərlə əməkdaşlıq etməyə, müxtəlif miqyaslı inflüenser kampaniyaları həyata keçirməyə, kampaniyaların gedişatını real vaxt rejimində izləməyə və nəticələri təkmilləşdirməyə imkan verən müxtəlif idarəetmə alətləri təqdim edir.
Avtomatlaşdırılmış platforma şirkətlərə çoxsaylı inflüenserlərlə geniş miqyasda, eyni zamanda fərdiləşdirilmiş formada əməkdaşlıq etmək imkanı yaradır.
“Keepface” müxtəlif sahələrdə fəaliyyət göstərən yüzlərlə brendlə işlədiyini bildirir. Onların sırasında “McDonald's”, “Samsung”, “Coca-Cola” və “Microsoft” kimi brendlər də yer alır.