Roamless eSIM startapı 12 milyon dollar investisiya alıb

Roamless eSIM startapı 12 milyon dollar investisiya alıb

Türk təsisçilər tərəfindən qurulan və mərkəzi ofisi ABŞ-də yerləşən Roamless startapı Rasmal Ventures-in rəhbərlik etdiyi A seriyası investisiya raundunda 12 milyon dollar vəsait cəlb edib. Bununla da startapın indiyədək cəlb etdiyi ümumi investisiya məbləği 18 milyon dollara çatıb.

Startup.az xəbər verir ki, "Dünyanın ilk həqiqi qlobal mobil operatoru" olmağı hədəfləyən Roamless startapı hazırda 200-dən çox ölkədə 1 milyondan çox səyahətçiyə xidmət göstərir. Startapı rəqiblərindən fərqləndirən əsas cəhət digər eSIM provayderləri kimi sadəcə üçüncü tərəf SIM kartlarını təkrar satmaması, əksinə, özünün təcrübəli komandası tərəfindən qurulmuş xüsusi telekommunikasiya infrastrukturuna sahib olmasıdır. Bu infrastruktur sayəsində startap xidmət keyfiyyətinə tam nəzarət edə bilir.

Startap əldə etdiyi yeni vəsaiti şəbəkə əhatəsini genişləndirmək və yeni məhsullar təqdim etmək üçün istifadə etməyi planlaşdırır. Yaxın gələcəkdə istifadəçilərə 20-dən çox ölkədə yerli nömrələr təqdim edən "Roamless Numbers" xidməti, B2B inteqrasiyaları və süni intellekt dəstəkli funksiyalar işə salınacaq. Startapın baş icraçı direktoru Emre Demirel bildirib ki, məqsəd sadəcə səyahət üçün data təminatçısı olmaq deyil, qlobal miqyasda tam funksional mobil operatora çevrilməkdir.

Paylaş