“AmCham” biznes mühitinin inkişafı üçün yeni təkliflər hazırlayıb
Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) ölkədə biznes mühitinin yaxşılaşdırılması üçün tövsiyələrin yer aldığı “Ağ Kitab 2025”in növbəti nəşri üzərində işə başlayıb.
Startup.az “AmCham”a istinadən xəbər verir ki, bu sənəd biznes mühitinin ətraflı təhlili əsasında hər iki ildən bir hazırlanır və Azərbaycan hökumətinə təqdim edilir.
“Ağ Kitab”da təkcə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər deyil, həm də iqtisadiyyatın müxtəlif sahələrinin inkişafının təşviqi və ölkənin iqtisadi potensialının gücləndirilməsi üçün tövsiyələr yer alır. Sənəd Azərbaycan iqtisadiyyatı üçün ən vacib məsələləri əhatə edən icmal bölməsindən və konkret sahələr üzrə ətraflı tövsiyələrin yer aldığı əsas bölmədən ibarətdir.
Xatırladaq ki, “Ağ Kitab”ın əvvəlki buraxılışında bank sektoru, maliyyə və sığorta, davamlı inkişaf və korporativ məsuliyyət, gündəlik istehlak malları bazarı (FMCG), qanun və uyğunluq, insan resurslarının idarə edilməsi və əmək münasibətləri, marketinq, kommunikasiya və biznesin inkişafı, rəqəmsal iqtisadiyyat və innovasiyalar, satınalmalar, vergilər və gömrük kimi istiqamətlər üzrə tövsiyələr təqdim edilmişdi.
Qeyd edək ki, “AmCham” 1996-cı ildə yaradılıb və 280-dən çox şirkəti birləşdirir.