Tovuz rayonunda 3 startap layihəsi qalib oldu

Tovuz rayonunda 3 startap layihəsi qalib oldu

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Azercell” və “Microsoft” şirkətlərinin birgə təşkilatçılığı ilə keçirilən startap turları davam edir.

Startap hərəkatının genişləndirilməsinə, vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək məqsədi ilə reallaşdırılan startap turu bu dəfə Tovuz şəhərində baş tutub. Tovuzda ilk dəfə olaraq keçirilən startap tədbirinə Tovuzla yanaşı, Qazax, Şəmkir, Goranboy, Tərtər, Gədəbəy, Yevlax və digər ətraf rayonlardan olan 100-dən çox gənc qatılıb. Tədbirin informativ hissəsində iştirakçılar “İdeyadan Biznesə” layihəsinin konsepsiyası, məqsəd və hədəfləri barədə məlumatlandırılıblar. Startap ideyalarının reallaşdırılması istiqamətində beynəlxalq təcrübə, layihə təqdimatlarının düzgün hazırlanması, təqdimatı, uğurlu biznes-planın tərtib olunması üsulları ilə bağlı iştirakçılar üçün təqdimatlar keçirilib. Təlimlərdən sonra Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin könüllülərinin də fəal iştirakı ilə 6 komanda formalaşdırılıb. Hər bir komandaya bir mentor rəhbərlik edib və onları müsabiqə üçün hazırlayıb. Daha sonra komandalar arasında müsabiqə keçirilib və onlar öz ideyalarını münsiflər
heyəti qarşısında təqdim ediblər. 

Müsabiqədə Tovuz  rayonu üzrə 1-ci, 2-ci və 3-cü yerlərin qalibləri müəyyənləşib. Birinci yerin sahibi “Share my goal” layihəsi, “Bacarıqlı əllər”  ideyası ikinci, “Görən gözlər” layihəsi isə üçüncü  olub. Qaliblər təşkilatçılar tərəfindən mükafatlandırılıb. Qeyd edək ki, hər bir region üzrə qalib olan layihələr Bakıda keçiriləcək Milli Finalda iştirak hüququ qazanır. Növbəti startap turlarında iştirak etmək üçün “ http://www.i2b.az ” saytında qeydiyyatdan keçmək zəruridir.

Paylaş