Startap Günlərinə hazırlıqlar davam edir

Startap Günlərinə hazırlıqlar davam edir

Məlum olduğu kimi, fevralın 23-24-də Qərbi Kaspi Universitetində Startap Günləri keçiriləcək. Universitetdə Startap Günlərinə hazırlıqlar davam edir.

Xeberler.az bildirir ki, ötən gün Qərbi Kaspi Universitetində Startap Günləri ilə bağlı İşçi Qrup yaradılıb və bu qrupun ilk toplantısı keçirilib.

Yığıncaqda bu layihənin məqsəd və hədəfləri nəzərdən keçirilib, görüləcək işlərlə bağlı müzakirələr aparılıb. Tədbirin tələbə-gənclər üçün daha faydalı olması baxımından bir sıra təkliflər irəli sürülüb və müvafiq qərarlar qəbul edilib.

Qeyd edək ki, Startap Günləri çərçivəsində Universitetin yeni başlayan startapçıları üçün beynəlxalq ekspertin iştirakı ilə Təlimlər keçiriləcək.

Startap Günlərinin keçirilməsində məqsəd tələbələr tərəindən yeni startapların yaradılmasına kömək etmək və bu istiqamətdə tələbələrə informasiya-metodiki dəstək, eləcə də internet biznesin inkişafına təkan vermək və milli startap infrastrukturunu inkişaf etdirməkdən ibarətdir.

Universitetdə təşkil olunacaq Startap Günlərinin əsas tədbirlərindən biri də tələbələrin biznes ideyalarının və yeni İnternet layihələrinin ilkin variantlarının yarışması olacaq.

Günlər çərçivəsində yerli startap sahiblərinin, ekspertlərin və İT şirkət rəhbərlərinin yeni başlayan, internet biznesə maraq göstərən tələbə-gənclərlə görüşləri təşkil olunacaq.

Startup Günlərində tələbələr innovativ biznes ideyalar ətrafında komandalar formalaşdıracaq, mentorların və ekspertlərin köməyi ilə yeni startap layihələrinin ilkin variantlarını hazırlayacaqlar.

Yekunda bu Layihələrin təqdimatları və yarışması təşkil olunacaq və peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Qaliblərə və fərqlənənlərə təşkilatçıların və sponsorların qiymətli hədiyyələri, diplomlar və sertifikatlar təqdim olunacaq.

Nəqliyyat, Rabitə, Yüksək Texnologiyalar Nazirliyinin rəsmi dəstəyi, Startap Azərbaycan , Qərbi Kaspi Universiteti (Western Caspian University), YTP və İT-nin İnkişafı Dövlət Fondunun təşkilatçılığı ilə baş tutan Startap Günləri layihəsinin Qərbi Kaspi Universiteti ilə yanaşı, Bakı şəhərində, Naxçıvanda və regionlarda fəaliyyət göstərən digər Universitetlərdə də keçirilməsi nəzərdə tutulub.

Paylaş