Sifarişləriniz tıxacda qalmayacaq- Müsahibə

Sifarişləriniz tıxacda qalmayacaq- Müsahibə

 

Startup.az olaraq Azərbaycanda fəaliyyət göstərən innovativ layihələr, startaplar barədə mütəmadi məlumat, müsahibələr təqdim edirik.

Bu dəfə isə ölkəmizdə innovativ kuryer xidməti təqdim edən VeloKuryer barədə oxuculara məlumat təqdim edəcəyik.

Platorma ilə bağlı layihənin təsisçisi Tofiq Hidayətzadə ilə ətraflı söhbət etdik.

Müsahibəni təqdim edirik:

-Tofiq bəy, layihəniz nə vaxtdan fəaliyyət göstərir?

-VeloKuryer layihəsi üzərində işlərə ilk dəfə 2014- cü ildə başlamışıq. İlk iki cəhtimiz uğursuz alındı. Nəhayət növbəti cəhtimizdə, 2015-ci il, oktyabrın 29-dan yay-qış demdən rəsmi fəaliyyət göstəririk.

-Velokuryer hansı xidmətləri təklif edir?

-Bu gün biz, innovativ kuryer xidmətlərindən əlavə, velosipedlərin təlimi, təmiri, kirayəsi, parkinqi, konsultasiyası və korporativ promo veloturların təşkili ilə məşğul oluruq.

-Yollarda velosiped ilə çatdırılma təhlükəli deyil? Bununla bağlı hansı problemlərlə qarşılaşırsınız?

-İşimizin müəyyən qədər təhlükəli tərəfləri var. Bu problemlərə velosiped yolunun olmaması, bəzi yol polislərinin velosipedə qarşı “qəribə” yanaşması daxildir. Gün ərzində sağ və sol tərəfdə, bəzən də 3 sıra park etmiş maşınların arasından keçərkən narazılıqla qarşılaşırıq. Əfsuslar olsun ki, insanlar yolun velosiped deyil, məhz yanlış park edilmiş maşınlar tərəfindən kəsildiyini görmək istəmir.

-Bazarda rəqibləriniz var?

- Layihəyə başlayanda bazarda 40-a yaxın rəqib şirkət var idi.  Onların bəzisinin yaşım qədər stajı, digərlərinin isə beynəlxalq şirkət olması bizi həvəsdən salmadı. Devalvasiya bəzi böyük şirkətlərin iflasa uğramasına səbəb oldu. Lakin bu gün kuryer şirkətləri, taksi şirkətləri kimi çox sayda  şirkətlər yaranır. Amma bu kimi şirkətlərin əksəriyyəti bazarda fərq yarada bilmədiyi, şişirdilmiş qiymətlər təklif etdiyi üçün iflasa uğrayır. Bizim layihənin də gələcəyi belə olmasın deyə gecə-gündüz fərqli, keyfiyyətli  xidmət göstərməyə çalışırıq.

-Bizim ölkədə daha çox klassik kuryer xidmətindən istifadə edilir. Belə bazarda Sizin layihənin uğur qazanması mümkündür?

-Ötən günlərdə rəsmi fəaliyyətimizin 2 illiyini  şəxsi ofisimizdə qeyd etdik. Bu isə o deməkdir ki, göstərdiyimiz xidmətlə müəyyən qədər maraq toplaya bilmişik. Zaman keçdikcə insanlar nəyin daha yaxşı, daha effektiv olduğnun şahidi olurlar. Biz isə sıfırdan başlayan bir startap kimi şirkətlərin sifarişlərinin zamanında, hətta zamanından da tez çatdırmaqla kifayətlənməyib, yaranmış problemləri birlikdə həll etməyə çalışırıq.

- Müşahidələrimiz göstərir ki, Bakıda əhali o qədər də velosiped sürməyə maraqlı deyil. Bunun üçün xüsusi yollar da azdır. Bəs veloxidmətlərdən istifadədə vəziyyət necədir? İnsanların layihəyə marağı var?

-Son iki ildə velosipedə olan marağın hətta bir neçə dəfə artığını deyə bilərəm. Onu da nəzərinizə çatdırım ki, velosiped oğurluğunun da sayı durmadan artmaqdadır. Əfsuslar olsun ki, bütün bu baş verənlərlə sadəcə öz bacardığımız qədər mübarizə apara bilirik. Məsələn, şəhər mərkəzində yerləşən ofisimizdə təhlükəsiz VeloParking xidməti göstəririk. Yıxılmaq qorxusuna qalib gələ bilməyən insanlar isə VeloTəlim xidmətimizə müraciət edir və professional təlimçilərimiz tərəfindən arzularına nail olurlar. Yüksək keyfiyyətli velosipedlərin kosmik qiymətləri bəzi insanları velosiped sürmək istəyindən çəkindirməsin deyə, xarici brendlərdən ibarət GOLD və PREMİUM klas velosipedlərdən ərsəyə gəlmiş VeloKirayə xidməti də təqdim edirik.

-Sifarişləri neçə formada etmək olur?

-Hazırda sifarişləri əsasən mobil telefondan götürürük. Beta versiyasında olan mobil tətbqimizi Play Store-dan yükləyərək elektron şəkildə də kuryer çağıra bilərsiniz. Hazırda saytımızda yeniləmə işləri gedir. Saytın hazır versiyasında istifadəçilər  sifarişləri saytdan etməklə kifayətlənməyib, çatdırılma barədə bildirişlər ala, sifarişləri izləyə biləcək.

-Bu sifarişləri ən tez və ən gec nə qədər müddətə çatırırsınız?

-Çatdırılma müddəti sifarişçidən və sifarişdən asılı olaraq dəyişir. Sifarişləri 30 dəqiqə və 6 saata çatdıra bilərik. Elə sifarişlər olur ki, qəbul etdikdən sonra 10 dəqiqəyə çatdırırıq. Elə sifarişlər də olur ki, getdiyimiz ünvanda tamam başqa şirkət və yaxud yaşayış evi olur. Bu səbəbdən də çalışırıq ki, sifarişçilərimizdən bacardığımız qədər çox məlumat toplayaq. Bir o qədər də təcili olmayan sifarişlər üçün isə daha sərfəli təkliflərimizi irəli sürürük.

-Qiymətləri nəyə əsasən müəyyən edibsiniz?

-Qiymətlər sifarişin çatdırılma dəyəri, həcm, çəkisi, çatdırılma yeri və müddətindən asılı olaraq dəyişir. Bundan əlavə, çatdırılma zamanı göstəriləcək əlavə xidmətlərə görə də əlavə ödənişlər ola bilir. Qiymətlər barədə velokuryer.az saytından daha dəqiq məlumat ala bilərsiniz.

-Xidmətlərinizdən ən çox kimlər istifadə edir?

-Xidmətimizdən daha çox korporativ şirkətlər istifadə edir ki, bu da  bizim hədəf kütləmizdir. Bununla yanaşı, fərdi şəxslər və digər startapların da sifarişlərini çatdırırıq.

-Yalnız Bakıda, yoxsa regionlarda da xidmət göstərirsiniz?

-Hazırda Bakıdan sonra əhatəmizə daxil ola biləcək məkan Sumqayıt şəhəridir. Lakin bizim iş prinsipimiz tıxacla dolu, sıx küçələrdə sürətli xidmət göstərməkdir. Regionlarda isə buna çox da ehtiyac duyulmur deyə hələlik bu, planımızda yoxdur.

-Qlobala çıxmağı planlayırsınız?

-Bəli, əlbəttə. Tətbiq edəcəyimiz sistem testləri uğurlu başa çatsa,  ən yaxın zamanda Gürcüstan bazrına getməyi düşünürük.

-Kimlər Sizə dəstək verir?

-Hazırda əməkdaşlıq etdiyimiz bütün şirkətlər dəstəkçilərimiz sayılır (gülür). Siyahı ilə saytımızda tanış ola bilərsiniz. Zamanla layihəmizə Yüksək Texnologiyalar Parkı, Next Step, Youth İnc. İdeya Qazandı teleşousu müxtəlif növ dəstəklər göstərib. Lakin ən böyük dəstəyi dostlarımız göstərib və göstərməkdədir.

-Günün neçə saatı xidmət göstərirsiniz?

-Kuryer xidmətimiz səhər 10:00-dan, axşam 19-00-a kimi fəaliyyət göstərir. Lakin digər xitmətlərə görə iş saatlarımız normadan biraz çox olur. Bəzən gecə yarısına qədər  ofisdə qalmalı oluruq.

-Bizdə müştərilərələ işləməkdən razısınız?

-Sifarişçidən sifarişçiyə böyük fərq olur. Bəzi sifarişçiləri razı salmaq çətin olur. Lakin hazırki bütün sifarişçilərimizdən razıyıq.

Startup.az

 

Paylaş