Milli İnternet Mükafatını qazanmaq istəyənlərin nəzərinə
Məlumat verdiyimiz kimi, hazırda Milli İnternet Mükafatı (MilliNet) müsabiqəsində qeydiyyat davam edir.
Bu il ilk dəfə olaq Mobil tətbiqlər və Sosial media resursları da ayr-ayrı nominasiyalar üzrə müsabiqəyə qəbul edilir. Hələlik müsabiqəyə 20 nominasiya üzrə ümumilikdə 227 müraciət daxil olub. Onlardan 159-u öz təsdiqini tapıb, 67 layihə isə müsabiqəyə buraxılmayıb.
Bu barədə Xeberler.az-a Təşkilat Komitəsindən məlumat verilib.
Qeyd edilib ki, Mill Net-də iştirak üçün mükafatın veb-saytı olan millinet.az-da “qeydiyyat” bölməsinə daxil olmaqla, sorğunu doldurmaq lazımdır.
Təqdim olunan İnternet resursları və İnternet layihələri kontent, dizayn və texnoloji istiqamətlər üzrə peşəkarlardan və mütəxəssislərdən ibarət Münsiflər Heyəti tərəfindən dəyərləndirilir.
Müsabiqədə qalib gələn saytlar bir-birindən dəyərli müxtəlif hədiyələr və MillNet müsabiqəsinin simvolu olan hörümçək toru əks edilmiş buta ilə təltif ediləcəklər.
Mükafatın təsisçisi olan AİF-in prezidenti Osman Gündüz Xeberler.az-a bildirib ki, artıq 9-cu MilliNet mükafatının təqdimetmə mərasiminə hazırlıqlar gedir:
“ Bu mükafatın təsis olunmasında məqsədimiz Azərbaycan İnternetinin inkişafına və genişləndirilməsinə xidmət etmək, ən yaxşı milli internet resurslarının ölkədə və dünyada geniş istifadəçi auditoriyasında təbliğini aparmaq, İnformasiya texnologiyalarının populyarlaşmasına dəstək vermək, Azərbaycan dilinin İnternetdə tətbiqini genişləndirməkdir”.
Milli İnternet Mükafatı Azərbaycan İnternet Forumu (AİF) tərəfindən təsis edilən peşəkar internet mükafatıdır. Bu mükafat hər il sosial, mədəni, elmi, iqtisadi, hüquqi və s. sahələrdə fəaliyyət göstərən, Azərbaycan dilində tərtib olunan və fəaliyyət göstərən milli internet resurslarına və internet layihələrinə müsabiqə üsulu ilə təqdim edilir.
Qeyd edək ki, Milli İnternet Mükafatının ənənəvi yekun təqdimat mərasiminin dekabrın sonlarında keçirilməsi nəzərdə tutulub. Müsabiqəyə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi rəsmi dəstək verir.
MilliNet-in Baş sponsoru Azertelecom şirkətidir.
Müsabiqəyə LENOVO, BestComp, İnnovasiyalar Mərkəzi, NOVA, NEURON və Yello şirkətləri də dəstək verirlər.