Azərbaycanın yeni peykinin görüntüsü

Azərbaycanın yeni peykinin görüntüsü

Azərbaycanın sayca üçüncü, təyinatına görə ikinci telekommunikasiya peyki Azerspace-2-nin 2018-ci ilin aprel ayında Fransanın Ariane-5 raketi ilə Fransız Qvianasının Kuru kosmodromundan orbitə buraxılması nəzərdə tutulur.

Azərkosmos ASC-dən Xeberler.az-a bildirilib ki, Azerspace-2 peykinin orbitə çıxarılması məqsədilə peykin və daşıyıcı raketin hazırlanması üzrə işlər qrafikə uyğun davam etdirilir. Hazırda yeni peykin istismarı üçün Bakıda və Naxçıvan Muxtar Respublikasında yerüstü infrastrukturun modernləşdirilməsi ilə bağlı işlər aparılır.

Peyk Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edəcək. Azerspace-2 regionda artmaqda olan tələbatı qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək. Bu peyk həm də birinci telekommunikasiya peyki olan “Azerspace-1”in orbitdəki ehtiyatı olacaq və müştərilərə daha etibarlı xidmət göstərmək və şirkətin göstərdiyi peyk xidmətlərinin hazırkı əhatə zonasını genişləndirmək imkanı verəcək.

Azerspace-2 peykinin hazırlıq mərhələsindən bu günə olan son görüntüləri aşağıdakı keçiddən yükləmək olar: https://azercosmos.az/media-photogallery/12  

Cənubi Qafqazda ilk peyk operatoru olan Azərkosmos  ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və Azərkosmos tərəfindən idarə edilən Azerspace-1 peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.

Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan Azersky-ın idarəçiliyini təhvil almış və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlayıb. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir.

Bu məqsədlə, Azərkosmos 2018-ci ildə ikinci telekommunikasiya peyki Azerspace-2-ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarmağı və önümüzdəki illərdə çox yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki əldə etməyi planlaşdırır.

Paylaş