Azərbaycan Texniki Universitetində Startap Günləri davam edir
Xəbər verdiyimiz kimi, hazırda Azərbaycan Texniki Universitetində (AzTU) Startap Günlərinin ikinci günü keçirilir.
Bu gün gənc startapçılar üçün yerli ekspertlərin iştirakı ilə təlimlər keçirilib. Sektorda bir neçə layihəsi ilə tanınan, kriptovalyuta üzrə araşdırmaçı Orxan Əhmədov və ekspert Rəşad Əliyev təlimçi qismində iştirak ediblər. Startapa yeni başlayarkən vacib olan məqamları diqqətə çatdırıblar.
Eyni zamanda iştirakçılara prototiplərin hazırlanması üsulları izah edilib. Hazırda komandalar mentorların və ekspertlərin köməyi ilə biznes ideyaların reallaşması üzrə layihələrinin ilkin variantlarını hazırlamağa davam edir.
Startap Günlərinin keçirilməsində məqsəd ölkədə milli startap infrastrukturunu inkişaf etdirmək, yeni startapların yaradılmasına kömək etmək, bu istiqamətdə onlara informasiya-metodiki dəstək vermək və startapçılar arasında əlaqələri gücləndirməkdən ibarətdir.
Tədbirlər Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə həyata keçirilir. Azərbaycan Beynəlxalq Bankı və Sinam şirkətləri Startap Günlərinə sponsorluq edirlər.