10 quruma Startap şəhadətnaməsinin verilməsi tövsiyə olunub

10 quruma Startap şəhadətnaməsinin verilməsi tövsiyə olunub

Startap şəhadətnaməsinin verilməsi üzrə Ekspertlər Şurasının növbəti iclası keçirilib. İclasda Startap şəhadətnaməsi almaq məqsədilə KOBİA-ya müraciət edən 16 sahibkarlıq subyektinin sənədlərinə baxılıb.

Startup.az xəbər verir ki, müzakirələr zamanı müraciətçi sahibkarlıq subyektlərinin səlahiyyətli nümayəndələri fəaliyyətləri və innovativ həlləri barədə qısa təqdimatlarla çıxış ediblər.

Ekspertlər Şurasının apardığı qiymətləndirmənin nəticələrinə əsasən, 10 quruma Startap şəhadətnaməsinin verilməsi tövsiyə olunub. Qeyd olunub ki, yekun şəhadətnamələr Ekspertlər Şurasının rəyi əsasında KOBİA tərəfindən təqdim ediləcək.

Məlumata görə, indiyədək ümumilikdə 298 sahibkarlıq subyekti Startap şəhadətnaməsi əldə edib. Startap şəhadətnaməsi alan subyektlərlə Startup Azərbaycan portalında tanış olmaq mümkündür.

Xatırladaq ki, qüvvədə olan qanunvericiliyə əsasən, Startap şəhadətnaməsi əldə edən sahibkarlıq subyektləri innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə 3 il müddətinə mənfəət və gəlir vergisindən azad edilirlər.

Paylaş