“Startap ekosisteminin inkişafı KOBİA-nın əsas prioritetlərindəndir”
Azərbaycanda innovativ biznesin və startap ekosisteminin təkmilləşdirilməsi və inkişafı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) əsas prioritetlərindən biridir.
Xeberler.az məlumat verir ki, bunu KOBİA-nın İdarə Heyəti sədrinin müavini Rüfət Atakişiyev 2022-ci ildən Azərbaycanda həyata keçirilən “Vişeqrad Qrupu ölkələri (V4)-Azerbaijan Tech Bridge (V4ATB)” startap proqramının yekunlarına həsr olunmuş tədbirində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, KOBİA bir neçə istiqamətdə işləyir və gənc biznes sahiblərinə dəstək üçün müvafiq tədbirlər həyata keçirir:
“Bura təlim və konsaltinq xidmətləri, qrantlar və müəssisələri mənfəət və gəlir vergilərindən azad edən "Startap sertifikat"ların verilməsi daxildir”.
R. Atakişiyev diqqətə çatdırıb ki, uğurlu iqtisadi siyasət və müxtəlif sahələrdə aparılan islahatlar nəticəsində Azərbaycanda əlverişli biznes və investisiya mühiti yaradılıb.
“Belə bir mühit həm də işgüzar dairələrə qısa müddətdə əməliyyatları genişləndirmək, yeni bazarlara çıxmaq və yüksək sürətlə dövriyyəni artırmaq üçün yeni texnologiyalar tələb edir. Ağıllı və innovativ həllər gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilir və Azərbaycanda texnologiyanın mənimsənilməsi artır. Bu layihənin məqsədi Avropadan olan startap ekosistem oyunçularını azərbaycanlı startap və innovatorların potensialı ilə əlaqələndirmək yolu ilə, V4 ölkələri ilə Azərbaycan arasında innovasiya sahəsində əməkdaşlığın qurulması və genişləndirilməsindən ibarət olub.
Ona görə də inanıram ki, layihə çərçivəsində, eləcə də bu gün ölkələrimizin startapları, investorları və vençur fondları arasında qurulan əməkdaşlıq davamlı və səmərəli olacaq. Əminəm ki, layihə boyu startaplarımız xüsusi bilik və bacarıqlar əldə etmək, həmçinin onların daha da böyüməsinə kömək edəcək təcrübə və innovativ ideyalar mübadiləsi aparmaq imkanı əldə ediblər”, - deyə KOBİA-nın sədr müavini əlavə edib.
Qeyd edək ki, Polşanın Azərbaycandakı Səfirliyinin təşəbbüsü ilə həyata keçirilən proqram ölkəmizdə fəaliyyət göstərən Vişeqrad Qrupu ölkələri - Çexiya, Macarıstan, Slovakiya və Polşa), eləcə də Azərbaycandan olan tərəfdaşlardan ibarət konsorsium, qeyd edilən ölkələrin Azərbaycandakı səfirlikləri tərəfindən dəstəklənir, Beynəlxalq Vişeqrad Fondu tərəfindən maliyyələşdirilir. Proqrama Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən də dəstək göstərilir. Proqramın məqsədi Vişeqrad Qrupu və Azərbaycandan olan startap ekosisteminin iştirakçılarını bir araya gətirməklə innovasiyalar sahəsində əməkdaşlığın genişləndirilməsidir.