Qazaxıstan şirkətləri Azərbaycanda investor kimi iştirak etməkdə maraqlıdır
Startup.az xəbər verir ki, Mənzil İnşaatı Dövlət Agentliyində Qazaxıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alim Bayel və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkə vətəndaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını və güzəştlə mənzil əldə etmələrinə (uyğun qiymətə mənzil təminatına) şərait yaradılmasını Mənzil İnşaatı Dövlət Agentliyinin qarşısında prioritet vəzifə kimi qoyduğunu qeyd edən İdarə Heyəti sədrinin müavini Elşad Məmmədov qurumunun əsas fəaliyyət istiqaməti barədə məlumat verib. Görüşdə, həmçinin agentliyin icra etdiyi tikinti layihələri, güzəştli mənzilin üstünlükləri, mənzillərin əldə edilməsi qaydası, “Elektron hökumət” portalında (www.e-gov.az) yaradılmış “Güzəştli mənzil” sistemi haqqında məlumatları özündə əks etdirən təqdimat dinlənilib.
Səmimi qəbul üçün minnətdarlığını bildirən səfir ölkələrimiz arasında mövcud əlaqələrin yüksək səviyyədə olduğunu, dövlət başçılarının qarşılıqlı səfərlərinin ikitərəfli münasibətlərin inkişafına əhəmiyyətli töhfə verdiyini qeyd edib. Azərbaycanla müxtəlif sahələr üzrə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayan səfir Qazaxıstanın tikinti şirkətlərinin Azərbaycanda layihələrin icrasında investor kimi iştirak etməkdə maraqlı olduğunu bildirib.
Görüş zamanı tikinti sahəsində qarşılıqlı əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb, nümayəndə heyətinin üzvlərini maraqlandıran suallar cavablandırılıb.