“Startup School 4” layihəsinin Amerika qitəsi üzrə tərəfdaşları elan edilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalının həyata keçirdiyi “Startup School 4: Beş qitə – 500 startap” qlobal innovasiya proqramı çərçivəsində Amerika qitəsi üzrə tərəfdaşlar ictimaiyyətə təqdim edilib.
Startup.az xəbər verir ki, layihənin tərəfdaşları sırasında Synapses Ventures, TechDev Academy və OneBscGate yer alır.
Bildirilib ki, adıçəkilən tərəfdaşlar proqram çərçivəsində startaplara müxtəlif istiqamətlər üzrə dəstək göstərəcəklər. Onlar təlim və mentorluq xidmətləri ilə yanaşı, startapların qiymətləndirilməsi, investisiya imkanlarına çıxışı və qlobal bazarlara inteqrasiyası prosesinə töhfə verəcəklər.
Qeyd edilib ki, “Synapses Ventures” texnologiya və innovasiya yönümlü startaplara investisiya edən vençur fondudur və erkən mərhələli layihələrə maliyyə və strateji dəstək təqdim edir. Fond həmçinin startapların investorlarla əlaqələrinin genişləndirilməsində iştirak edəcək.
“TechDev Academy” isə texnologiya və rəqəmsal bacarıqların inkişafına yönəlmiş təlim platforması kimi proqram iştirakçılarına innovasiya idarəçiliyi, məhsul inkişafı və sahibkarlıq sahələrində strukturlaşdırılmış təlimlər və mentorluq imkanları təqdim edəcək.
“OneBscGate” platforması isə startaplara əməliyyatların optimallaşdırılması, biznes proseslərinin rəqəmsallaşdırılması və qlobal idarəetmə çərçivələrinin tətbiqi istiqamətində dəstək göstərəcək.
Qeyd edək ki, “Startup School 4” layihəsinə onlayn qeydiyyat davam edir. Layihə bu il beş qitədən 500 startapın cəlb olunmasını hədəfləyir.
Son müraciət tarixi 15 may 2026-cı ildir.
Qeydiyyat üçün: https://startupschool.az/en/register