KOBİA işğaldan azad edilmiş ərazilərdə sahibkarlara dəstək imkanlarını genişləndirir

KOBİA işğaldan azad edilmiş ərazilərdə sahibkarlara dəstək imkanlarını genişləndirir

İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq və inkişaf etdirmək istəyən sahibkarlar üçün xidmətlərini genişləndirir.

Startup.az xəbər verir ki, sahibkarlar və biznesə başlamaq istəyən şəxslər KOBİA-nın bölgədə fəaliyyət göstərən xidmət şəbəkəsinə müraciət etməklə müxtəlif dəstək və xidmətlərdən yararlana bilərlər.

Agentliyin xidmət şəbəkəsi tərəfindən təqdim olunan əsas xidmətlərə regionun iqtisadi potensialı və investisiya imkanları barədə məlumatların verilməsi, sahibkarlıq fəaliyyətinə dəstək göstərən dövlət alətləri, güzəştlər və vergi azadolmaları haqqında ətraflı informasiya təminatı daxildir. Bununla yanaşı, biznesin qurulması və inkişafı üzrə peşəkar məsləhət xidməti, müvafiq dövlət qurumları ilə əlaqələrin qurulması və koordinasiya dəstəyi, eləcə də sahibkarların hüquq və qanuni maraqlarının müdafiəsi istiqamətində xidmətlər göstərilir.

Qeyd olunur ki, KOBİA-nın region üzrə xidmət infrastrukturu bir sıra şəhər və rayonları əhatə edir. Bunlara Laçın şəhərində yerləşən Bərpa Tikinti və İdarəetmə Xidmətinin inzibati binası, Zəngilan rayonunun Ağalı kəndindəki Dövlət Xidmətləri Mərkəzi, Kəlbəcər şəhərində DOST Mərkəzinin inzibati binasında fəaliyyət göstərən xidmət mərkəzi, Füzuli şəhərində Qarabağ Regional DOST Mərkəzinin xidmət məntəqəsi, həmçinin Şuşa şəhərində Dövlət Xidmətləri Mərkəzində yerləşən “Şuşa KOB evi” daxildir.

KOBİA sahibkarları işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialından faydalanmağa və biznesin qurulması, eləcə də inkişafı üçün dövlət dəstəyi mexanizmlərindən aktiv istifadə etməyə çağırır.

 
 
 

Paylaş