"Fitch Solutions” Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb

Azərbaycanda 2025-ci il üzrə iqtisadi artım 2,57% təşkil edəcək.

Startup.az xəbər verir ki, bu barədə "Fitch Solutions” (FS) şirkətinin hesabatında bildirilib.

Azərbaycanda bu il real ÜDM nə qədər olacaq?

Birgə dərc edilən hesabatda "Bloomberg Consensus" isə Azərbaycanda bu il real ÜDM-in 2,7% artacağını proqnozlaşdırıb.

Qeyd edək ki, bundan əvvəl Niderlandın ən böyük bank qrupu olan "ING Group" 2025-ci il üçün Azərbaycanda iqtisadi artım üzrə proqnozu 3 %, 2026-cı ildə 2,5 % səviyyəsində proqnozlaşdırıb.

Xatırladaq ki, Azərbaycan İqtisadiyyat Nazirliyi 2025-ci ildə ÜDM artımını 3,5 %, Mərkəzi Bank isə 3,3 % səviyyəsində proqnozlaşdırır.

Beynəlxalq reytinq agentliklərinin proqnozları

Beynəlxalq reytinq agentliklərinin 2025-2026-cı illərdə Azərbaycan iqtisadiyyatının artımı ilə bağlı proqnozları isə fərqlənir. “S&P Global” 2 %, “Fitch Ratings” 2025-ci ildə 3% və 2026-cı ildə 2,4 %, “Moody's” hər il 2,5 % iqtisadi böyümə gözləntisindədir.

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanın iqtisadi artımının 2025-ci ildə 3 %, 2026-cı ildə isə 2,5 % olacağını proqnozlaşdırır. Dünya Bankı bu il Azərbaycanda iqtisadi artımın 2,7 %, 2026-cı ildə isə 2,4 % səviyyəsində olacağını gözləyir.

Dövlət Statistika Komitəsinin açıqladığı məlumata əsasən, 2025-ci ilin yanvar-fevral aylarında iqtisadi artım 0,2 % təşkil edib.

Paylaş