Gələcək üçün Bacarıqlar (GÜB)

“Gələcək üçün bacarıqlar” universitetlərdə innovasiya potensialının artırılması məqsədilə həyata keçirilən, müəllimlərin startap və innovasiya sahəsində biliklərinin artırılması, həmçinin tələbələrin bazar ehtiyaclarına uyğun sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi layihəsidir. Layihə müəllimlərin mentor kimi yetişdirilməsi üzrə mentorluq proqramını və tələbələrin startap kimi formalaşdırılması üzrə inkubasiya proqramını əhatə edir.


“Gələcək üçün bacarıqlar” layihəsinin hədəfləri:

  • Universitetlərdə  innovasiya mühitin təşviqi və startaplar üçün dayanıqlı inkubasiya mühitinin inkişafi
  • Tələbələrdə təşəbbüskarlıq və sahibkarlıq mədəniyyətinin inkişafi
  • İdeyası olan tələbə startapların faydalanması üçün müəllimlərin dayanıqlı mentorluq şəbəkəsi kimi formalaşması
  • Universitetlərdə formalaşan ideyaların texnoloji transferinə dəstək mexanizminin yaradılması
  • Tələbələrə innovativ layihələrini inkişaf etdirmələri üçün biznesin real ehtiyaclarına əsaslanaraq praktiki icra proqramlarının və real işləmə məkanlarının təşkili
  • Biznes ehtiyaclarına uyğun universitetlərdə ideya, tədqiqat, mentorluq və startap layihələrinin inkişaf etdirilməsi
  • Tələbələrin və müəllimlərin İnnoland, Silikon Vadisində yerləşən İnnovasiya evi kimi mərkəzlərin resurslarından və infrastrukturundan davamlı istifadəsi

“Gələcək üçün bacarıqlar” layihəsinin indikatorları:

  • Ali təhsil müəssisələrində müəyyən meyarlara əsasən seçilmiş və mentorluq təlim proqramını uğurla bitirmiş innovasiya müəllimlərinin/mentorlarının yetişdirilməsi və davamlı fəaliyyəti
  • Ali təhsil müəssisələrində biznesin ehtiyacları əsasında formalaşmış və müasir kurrikulumlu akademik inkubasiya proqramlarının yaradılması
  • Ali təhsil müəssisələrində sahibkarlıq biliklərinə malik, yaradıcı və tənqidi düşüncə qabiliyyətinə malik və bazar ehtiyaclarına uyğun məhsul üzərində işləməyi bacaran tələbə - startapların yetişdirilməsi
  • Ali təhsil müəssisələrində biznesin real ehtiyyaclarına uyğun inkubatorların inkişafı
  • Ölkədəki əsas tərəflər arasında əməkdaşlığın genişləndirilməsi 3 tərəfli kommunikasiya və koordinasiya mexanizminin formalaşdırılması.

Layihədən gözlənilən nəticələr:

  • Sahibkarlıq və innovasiya istiqamətində şəbəkələşmənin və müxtəlif tərəflərin bu istiqamətlərdə aktiv iştirakının təşviqi
  • İnnovasiya, texnologiya, rəqəmsallaşma, sahibkarlıq istiqamətində gənclərdə bilik və bacarıqların inkişaf etdirilməsi
  • Startap ekosisteminin inkişafı üçün davamlı innovativ ideyaların layihələşdirilməsi və inkubasiya proqramlarından məzun buraxılması
  • Gələcəyə ağıllı və geri dönüşü yüksək investisiya
  • Mentor və tələbələrin ölkə və beynəlxalq miqyaslı fərqli innovasiya və texnologiya yönümlü proqramlarda, layihələrdə və tədbirlərdə iştirak etmək hüququ
  • Sahibkarlıq bilik və bacarıqlarının inkişafı
  • Tələbələrdə araşdırma və analitik təhlil bacarıqlarının inkişafı
  • Tələblərə uyğun bacarıqlara malik, real biznes və sənaye sektoruna hazır insan resursları
  • İnnovativ ideyaların inkişafı üçün imkanlar və yeni məhsulların yaranması prosesinə birbaşa təsir

“Gələcək üçün bacarıqlar” layihəsinin komponentləri:         

  1. Mentorluq proqramı

2021-ci il aprel ayından etibarən layihənin ilk komponenti olan birinci “Mentorluq proqramı”  4 universitetdə (Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti) həyata keçirilmişdir. Həmin proqram çərçivəsində ümumlikdə 48 təlim, 2 günlük Bootcamp tədbiri və Yay proqramı keçirilmişdir. Nəticədə, birinci “Mentorluq proqramı”nı uğurla başa vuran 20 nəfər müəllim mentor kimi yetişdirilmişdir.

2022-ci il aprel ayından etibarən 130+ müəllimlərin iştirakı ilə Bakı şəhəri və regionlar üzrə layihəyə yeni qoşulan universitetlərdə ikinci  “Mentorluq proqramı” başlamışdır. Proqram çərçivəsində ümumlikdə 14 təlim və 5 ekspert görüşü keçirilmişdir. 2022-ci il oktyabr ayında İxtisaslaşma proqramının və 3 günlük Bootcamp tədbirinin keçirilməsi planlaşdırılır.

Yeni “Mentorluq proqramı” Bakı və regionlar üzrə 12 universitetdə keçirilmişdir.

  1. TUSİ (2C) inkubasiya proqramı

2022-ci il aprel ayından etibarən layihənin ikinci komponenti olan birinci “TUSİ (2C) İnkubasiya proqramı”  4 universitetdə (Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti) 647 müraciətdən seçilən 150+ tələbələrin iştirakı ilə başlamışdır. Həmin proqram çərçivəsində ümumlikdə 40+ təlim və ekspert görüşü keçirilmişdir. Növbəti aylarda isə 2 günlük “İdeya müsabiqəsi” düşərgəsi və “Pitch-day” tədbirinin keçirilməsi planlaşdırılır.

2023-cü il yanvar ayından etibarən Bakı şəhəri və regionlar üzrə layihəyə yeni qoşulan universitetlərdə ikinci  “TUSİ (2C) İnkubasiya proqramı”n keçirilməsi planlaşdırılır. Yeni “TUSİ (2C) İnkubasiya proqramı” Bakı və regionlar üzrə 12 universitetdə keçiriləcək.


Layihənin əhatə dairəsi:

Bakı üzrə:

  • Azərbaycan Dövlət İqtisad Universiteti
  • Azərbaycan Texniki Universiteti
  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
  • Bakı Mühəndislik Universiteti
  • Bakı Ali Neft Məktəbi
  • Bakı Biznes Universiteti
  • Bakı Dövlət Universiteti
  • Xəzər Universiteti

Regionlar üzrə:

  • Azərbaycan Dövlət Aqrar Universiteti
  • Azərbaycan Texnologiya Universiteti
  • Gəncə Dövlət Universiteti
  • Mingəçevir Dövlət Universiteti