"Startap Azərbaycan 2016" başlayır

Startap Azərbaycan  Təşkilat Komitəsi bildirir ki, 1 mart tarixindən “Startup Azərbaycan 2016” Layihəsinə start verilir.

Startap Azərbaycan layihəsinin əsas məqsədi milli startupların üzə çıxarılması və inkişafına dəstək vermək,  bu istiqamətdə maarifçilik işləri həyata keçirmək,  ölkədə İnternet biznes mühitini yaxşılaşdırmaq, investorların bu sahəyə diqqətini artırmaq və innovativ ideyaların uğurlu biznes  sahəsinə çevrilməsinə yardım etməkdir.

Layihə çərçivəsində milli startapların müsabiqəsinin, startapçılar üçün təlimlərin, universitetlərdə startap görüşlərinin, Startap Günlərinin, investorlarla görüşlərin keçirilməsi nəzərdə tutulur.
 Müsabiqədə fərqlənən startuplara yerli və xarici ekspertlərin dəstəyi ilə xüsusi təlimlər  keçiriləcək. Layihə çərçivəsində  startuplara komanda formalaşdırmağa köməklik göstərilir.  

Startap Azərbaycan 2016 çərçivəsində keçirilən Müsabiqəyə də martın 1-dən start verilir. Startap layihələrinin qeydiyyat müddəti  www.startup.az  resursunda aprel ayının sonunadək davam edəcək.

Startap Azərbaycan TK-nın qərarına görə bu il yalnız fəaliyyətdə olan, ilkin versiyası hazır olan layihələr ( saytın və ya mobil tətbiqin demo versiyası olan, yalnız ideyadan, prototipdən ibarət olmayan layihələr ) Müsabiqədə iştirak edə biləcək.

Layihələrlə bərabər  investorlar, mentorlar, developerlər və İT mütəxəssislər də  bu resursda qeydiyyatdan keçə bilərlər. 
Yarışma 2 mərhələdə həyata keçirilir. Startap Azərbaycan çərçivəsində yarışmalarda iştirak edən startupların ekspert qiymətləndirilməsi təşkil olunur. Ekspertlər İT, maliyyə və marketinq sahəsində tanınmış təcrübəli mütəxəssislərdən ibarət olmaqla Startap Azərbaycan tərəfindən formalaşdırılıb. Ekspertlər özlərinə aid olan startupların qiymətləndirilməsində iştirak etmirlər.

Ekspertlərin dəyərləndirməsi əsasında 1-ci mərhələdə Yarımfinalçılar müəyyən olunur  və onların təqdim etdikləri biznes-planlar və layihələrinin təqdimatları əsasında yenidən qiymətləndirmə həyata keçirilir və məhdud sayda qaliblər müəyyən olunur.

Startap Azərbaycan komandası  Layihənin yekununda uğurlu hesab edilən qalibləri Yekun Təqdimat mərasimində təqdim edir, qiymətli hədiyyələr və diplomlarla mükafatlandırır, onları investorlara və digər Fondlara  təqdim edir. Qaliblərin investorlarla görüşlərinin keçirilməsi də nəzərdə tutulur. 
 Qalib startuplar akseleratorlarda, innovasiya mərkəzlərində və texnoparklarda iş şəraiti ilə təmin olunacaqlar. Bu ilki yarışmanın qaliblərinin sponsor təşkiltaltar tərəfindən xarici səfərlərinin təşkili də nəzərdə tutulur.

Yekun təqdimat mərasiminin may ayında  keçirilməsi nəzərdə tutulur. 

Startap Azərbaycan Layihəsi çərçivəsində ənənəvi  “Startup Azərbaycan 2016 “ Milli Konfransının da  may ayında keçirilməsi nəzərdə tutulur. 

Startap Azərbaycan Layihəsinə  Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ,  İT-nin İnkişafı Dövlət Fondu və Yüksək Texnologiyalar Parkı dəstək verir.
Startap Azərbaycan-ın Akademik partnyoru ADA Universitetidir.  
ATL Group, SİNAM, Neuron Technologies, SUP Accelerator, NEXT STEP İnnovasiya Mərkəzi  və Cybernet şirkətləri  Startap Azərbaycan-a dəstək verir və sponsorluq edirlər.

Geniş məlumat : www.startup.az  

Startap Azərbaycan Təşkilat Komitəsi

Veb:    www.startup.az 
E-mail: info@startup.az
Twitter @startupaze
FB :     fb.com/startupazerbaijan 

 

BİZİ İZLƏYİN
FACEBOOK
TWITTER
TƏŞKİLATÇILAR
DƏSTƏK
AKADEMİK PARTNYOR
SPONSORLAR VƏ DƏSTƏK
TƏRƏFDAŞLAR