SmartSolutions Hackathon 2026 üçün tədbir proqramı təqdim olunub
Azərbaycan Texniki Universitetinin (AzTU) İnkubasiya Mərkəzinin təşkilatçılığı və AzInTelecom MMC-nin dəstəyi ilə keçiriləcək SmartSolutions Hackathon 2026 tədbirinin rəsmi proqramı açıqlanıb.
Startup.az xəbər verir ki, Hackathon 10–11 aprel 2026-cı il tarixlərində AzTU-da baş tutacaq və iki gün ərzində iştirakçılar intensiv iş rejimində innovativ həllər üzərində çalışacaqlar.
Tədbirin birinci günü hackathonun rəsmi açılışı ilə başlayacaq, komandalar yerləşdiriləcək və iş mərhələsinə start veriləcəkdir. Gün ərzində iştirakçılar mentor dəstəyi ilə ideyalarını inkişaf etdirəcək, fasilələr zamanı isə qeyri-rəsmi müzakirələr və şəbəkələşmə imkanı əldə edəcəklər.
İkinci gün isə komandalar hazırladıqları həlləri tamamlayaraq təqdimata hazır vəziyyətə gətirəcəklər. Günün sonunda iş mərhələsi yekunlaşacaq və komandalar final təqdimatlarına keçid edəcəklər.
Hackathon çərçivəsində iştirakçılar süni intellekt, mobillik, kibertəhlükəsizlik, fintech və bulud texnologiyaları istiqamətləri üzrə real problemlərə innovativ və texnoloji əsaslı həllər təqdim edəcəklər.
SmartSolutions Hackathon 2026 gənclərin yaradıcılıq və texniki bacarıqlarını nümayiş etdirməsi, komanda işi təcrübəsi qazanması və real problemlərə tətbiq oluna bilən məhsullar inkişaf etdirməsi üçün mühüm platforma rolunu oynayır.