Prezident: Azərbaycanlı gənclər indi startapları böyük firmalara satır
Startup.az xəbər verir ki, Prezident tədbirdə gənclərin suallarını cavablandırıb. İlham Əliyev tələbə Güllü Hüseynlinin, “Mən də öz növbəmdə biz gənclərə diqqət ayırdığınız və bizə belə bir fürsət verdiyiniz üçün Sizə təşəkkür edirəm. Mən Bakı Ali Neft Məktəbində kimya mühəndisliyi ixtisasının sonuncu kurs tələbəsiyəm, həm də startapçıyam və gənc sahibkar olmaq istəyirəm. Elə sualım da bununla bağlı olacaq. Biz artıq Dördüncü Sənaye İnqilabı dövrünü yaşayırıq və yeni texnologiyalara, metodlara, innovasiyalara tələbat artır. Bəs Siz bu inqilab dövrünün çağırışları haqqında nə düşünürsünüz və mənim kimi, gənc sahibkar olmaq istəyən şəxslərə nə məsləhətlər verə bilərsiniz?” sualina belə cavab verib: “Əlbəttə ki, Dördüncü Sənaye İnqilabının mərkəzinin Azərbaycanda yaradılması bizə, eyni zamanda, geniş bir informasiya məkanına çıxış əldə etmək üçün köməklik göstərəcək. Çünki dünya dəyişir və 25 il bundan əvvəlki dünya indiki dünya ilə böyük fərq təşkil edir. Biz onu da bilməliyik ki, ənənəvi peşələrin bir neçəsi, bəlkə də bir çoxu bir neçə ildən sonra olmayacaq, yəni, bu peşələrə ehtiyac qalmayacaq. Ancaq Azərbaycan bir çox ölkələrdən fərqli olaraq, əhalisi artan ölkədir. Avropa məkanında ölkələrdə ya əhali sabitdir, ya da ki, azalır, bizdə isə artır. Müstəqillik dövründə 7 milyondan 10 milyonadək artıbdır. Bütün bunlar yeni iş yerləri deməkdir. Amma biz görürük ki, Dördüncü Sənaye İnqilabı iş yerlərinin ləğvinə gətirəcəksə – bu, artıq danılmaz faktdır – ona görə Dördüncü Sənaye İnqilabı nəticəsində yarana biləcək yeni peşələrə hazır olmalıyıq. Hazır olmasaq, o işlər itiriləcək, işsizlərin sayı artacaq, biz yeni işlərə hazır olmayacağıq. Bu, təkcə işsizliyin normal səviyyədə saxlanması deyil, bu, inkişaf deməkdir. Bu inkişafdan geri qalsaq, onda bizim aqibətimiz nə olacaq? Biz, əlbəttə, o ölkə deyilik ki, özümüz hansısa texnoloji yeniliklər icad edək. Halbuki, o da mümkündür və o da var. İstedadlı azərbaycanlı gənclər indi startapları böyük firmalara satırlar, Amerikada, Avropada bizneslərini qurublar. Yəni, intellektual potensial Azərbaycanda çox yüksəkdir, bu da birbaşa təhsillə bağlıdır.”