“Startup School 4” layihəsinin Asiya qitəsi  üzrə tərəfdaşları elan edilib

“Startup School 4” layihəsinin Asiya qitəsi üzrə tərəfdaşları elan edilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən operatorluğu həyata keçirilən “Enterprise Azerbaijan” portalının icra etdiyi “Startup School 4: Five Continents – 500 Startups” qlobal innovasiya proqramı çərçivəsində Asiya qitəsindən olan tərəfdaşlar ictimaiyyətə təqdim olunub.

Startup.az xəbər verir ki, tərəfdaşlar sırasında “Silk Road High Tech Park Association”, “Khyber Pakhtunkhwa Board of Investment and Trade”, ATUİAB, “Licorne Gulf Investment Fund”, “Ostim Technical University”, “Cappadocia Technopark” və “Niğde Technopark” yer alır.

Adı çəkilən tərəfdaşlar layihə çərçivəsində startaplara təlim və mentorluq xidmətləri təqdim edəcək. Bununla yanaşı, onlar startapların qiymətləndirilməsi prosesində iştirak edəcək və layihələrin qlobal bazarlara inteqrasiyasına dəstək göstərəcəklər.

Çindən olan tərəfdaş “Silk Road High Tech Park Association” (SRHPA) yüksək texnologiyalar parkları arasında əməkdaşlığın gücləndirilməsi və startapların inkişafının təşviqi istiqamətində fəaliyyət göstərir. Qurum proqram çərçivəsində həm təlim və mentorluq dəstəyi verir, həm də münsiflər heyətində təmsil olunaraq startapların qiymətləndirilməsinə töhfə verir.

Pakistandan olan “Khyber Pakhtunkhwa Board of Investment and Trade” investisiyaların təşviqi, biznes mühitinin yaxşılaşdırılması və xarici investorların cəlb olunması istiqamətində fəaliyyət göstərən dövlət qurumudur.

Özbəkistanı təmsil edən ATUİAB Azərbaycan, Türkiyə və Özbəkistan iş adamlarını bir araya gətirərək biznes əlaqələrinin genişləndirilməsi və investisiya imkanlarının təşviqinə dəstək verir.

Qətərdən “Licorne Gulf Investment Fund” innovativ və yüksək potensiallı layihələrə investisiya yatıran, startapların maliyyə resurslarına çıxışını və beynəlxalq bazarlara inteqrasiyasını dəstəkləyən fond kimi çıxış edir.

Türkiyəni təmsil edən tərəfdaşlardan “Ostim Technical University” sənaye ilə inteqrasiya olunmuş təhsil modeli əsasında fəaliyyət göstərərək mühəndislik və texnologiya sahələrində kadr hazırlığına töhfə verir.

“Cappadocia Technopark” isə Nevşehir bölgəsində yerləşərək universitet–sənaye əməkdaşlığını gücləndirir və innovasiya ekosisteminin inkişafını dəstəkləyir.

“Niğde Technopark” da universitet–sənaye əməkdaşlığını təşviq edən və startapların, texnoloji innovasiyaların inkişafına dəstək göstərən mühüm texnoparklardan biridir.

Qeyd edək ki, “Startup School 4” layihəsinə startapların onlayn qeydiyyatı hazırda aktivdir. Layihə bu il beş qitədən ümumilikdə 500 startapın cəlb olunmasını hədəfləyir.

Son müraciət tarixi 15 may 2026-cı ildir. Qeydiyyat üçün: https://startupschool.az/en/register

Paylaş