Biznes plan - uğurlu və dayanıqlı biznesin açarı

Biznes plan - uğurlu və dayanıqlı biznesin açarı

Cari ilin yanvar-sentyabr aylarında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 220 biznes plan hazırlanaraq sahibkarlara və biznesə başlamaq istəyən şəxslərə təqdim edilib. Bu biznes planlar Bakı şəhəri və ölkə regionlarında istehsal və xidmət sahələrində yeni biznesin qurulması və ya mövcud sahibkarlıq fəaliyyətinin genişləndirilməsini nəzərdə tutur. Biznes planların əksəriyyəti Bakı iqtisadi rayonunu əhatə edir. Növbəti yerlərdə isə Gəncə-Daşkəsən, Qazax-Tovuz, Quba-Xaçmaz, Şəki-Zaqatala, Qarabağ və digər iqtisadi rayonlar dayanır. Biznes planlardan 73-ü qadın sahibkarlar üçün hazırlanıb. Ümumilikdə isə indiyədək KOBİA sahibkarlar üçün 1555 biznes planın hazırlanmasına dəstək göstərib. 

Bəs biznes plan nədir və nə üçün lazımdır?

Startup.az Kobia-ya istinadən xəbər verir ki, bununla bağlı sualları KOBİA-nın Biznesə xidmətlər departamentinin şöbə müdiri Elməddin Hacıyev cavablandırıb.

E.Hacıyevin sözlərinə görə, müasir biznesin tələblərindən biri də ideyanın planlaşdırılması, yəni biznes planın hazırlanmasından ibarətdir. Əgər məqsədiniz güclü, rəqabətqabiliyyətli və yaxşı gəlir əldə edən bir biznes yaratmaqdırsa, onda biznes plan vacibdir.

“Peşəkar şəkildə hazırlanmış biznes plan yalnız investisiyanın cəlb olunması üçün deyil, həm də müəssisənin davamlı və dayanıqlı inkişafı üçün önəmlidir. Biznes plan həyata keçirilməsi nəzərdə tutulan biznes ideyanın dərin analizini, reallaşdırılma prosesində qarşıya çıxa biləcək problemlərin öyrənilməsini və onların həlli yollarının tapılmasını təmin edir. Məhz yeni ideyanın həyata keçirilməsi üçün bütün aspektlər nəzərə alınmaqla düzgün tərtib olunmuş biznes plan müsbət nəticənin əldə edilməsi üçün zəmin yaradır” - E.Hacıyev bildirib: “Sahibkarlıq sahəsi çoxşaxəlidir. Lakin şirkətin nə istehsal etməsindən və satmasından, hansı sahə üzrə fəaliyyət göstərməsindən asılı olmayaraq, biznes plan uğura aparan yolun ayrılmaz hissəsidir. Təcrübə göstərir ki, yeni ideyanın həyata keçirilməsində planlaşdırmanın lazımi səviyyədə aparılmaması gözlənilməz problemlər yaradır. Biznes plansız işə başlamaq kompassız okeana çıxmağa və tanımadığın bir ölkəyə xəritəsiz səyahət etməyə bənzəyir”.

E.Hacıyevin sözlərinə görə, inkişaf etmiş ölkələrdə iqtisadiyyatın elə bir sektoru yoxdur ki, o sahədə biznes plan tərtib etmədən sahibkarlıq fəaliyyətinə başlanılsın. Son illər Azərbaycanda da biznesə başlayan zaman biznes planın hazırlanmasına diqqət artıb: “Qısaca desək, biznes plan nəzərdə tutulan biznesin qısa, dəqiq və aydın şərhi, ona nail olmağın şərtləri və yollarının göstərildiyi sənəddir. Biznes plan görüləcək işin ideyası və bu ideyanın həyata keçirilməsinin təşkili olmaqla iki hissədən ibarətdir”.

Biznes planın üstünlükləri

Müsahibimiz vurğulayıb ki, biznes planın hazırlanması işə real yanaşmanı təşviq edir, işgüzar imkanları əsaslı surətdə qiymətləndirməyə və effektiv strateji qərarların tapılmasına şərait yaradır. Bu sənəd, həmçinin, ideyanın həyata keçirilməsi üçün tələb olunan maliyyə vəsaitlərinin həcmini müəyyənləşdirməyə, əldə olunacaq gəlirləri proqnozlaşdırmağa imkan verir: “Biznes plan ideyanın böyük potensiala malik olması, müvəffəqiyyətlə yerinə yetirilməsi və bütün bunları məhz layihə təşəbbüskarının daha yaxşı bacaracağı ilə əlaqədar sərmayədar və kredit təşkilatlarının inamını qazanmağa kömək göstərir. Biznes plan, həmçinin, işin idarə olunmasının bütün aspektlərini nəzərə almaqla, tez və yaradıcı işləməyə imkan verir, kəmiyyət qiymətləndirilməsini həyata keçirməyin mümkün olduğu vəzifələrin yerinə yetirilməsini təmin edir ki, bu da işə effektiv nəzarət etməyə, fəaliyyətin problemli və arzu edilməyən tərəflərini vaxtında görməyə və aradan qaldırmağa yardım göstərir”.

Biznes planın tərtib edilməsi üçün addımlar

E.Hacıyev bildirib ki, biznes planın təcrübədə daha çox rast gəlinən ümumiləşdirilmiş strukturu aşağıdakı kimidir:

Şirkət analizi: Hansı məhsulları və ya xidmətləri təklif edirsiniz və ya gələcəkdə nə təklif edəcəksiniz?

Sektor analizi: Bazarınız / bazarlarınız nə qədər böyükdür və necə dəyişir? Bazara hansı tendensiyalar təsir edir və bu, gələcək uğurlarınıza xidmət edirmi?

Rəqabət analizi: Rəqibləriniz kimdir və hər rəqibin güclü və zəif tərəfləri nələrdir? Hansı sahələrdə rəqabət üstünlüyünüz olacaq və bu üstünlüyü necə qazanacaqsınız?

Müştəri təhlili: Hədəf müştəriləriniz kimlərdir? Onların ehtiyacları nədir?

Marketinq planı: Hədəf seçilmiş müştərilərinizə necə çatacaqsınız? Hansı marketinq kanallarından istifadə edəcəksiniz? Məhsullarınızı və ya xidmətlərinizi necə qiymətləndirəcəksiniz?

İdarəetmə komandası: Mövcud komandanızda kimlər var və hansı əsas işə qəbul etməlisiniz?

Əməliyyat planı: Fəaliyyət planınız nədir? Bir ilin sonunda istədiyiniz yerə çatmaq üçün atmalı olduğunuz addımlar nələrdir? Beş ilin sonunda istədiyiniz yerə çatmaq üçün hansı addımları atmalısınız?

Maliyyə planı: Şirkətinizi qurmaq üçün nə qədər xarici maliyyəyə ehtiyacınız var? Bu fondlar hansı sahələrə yatırılacaq? Növbəti bir il, beş il ərzində təxmin etdiyiniz gəlir və qazancınız nə qədərdir? Hansı aktivləri əldə etmək lazımdır?

Bu struktur biznesin mahiyyətindən, ehtiyaclarından və s. şərtlərdən asılı olaraq dəyişə bilər.

Beləliklə, sahibkarlar və biznesə başlamaq istəyənlər binzes planın bu səkkiz bölməsindəki sualları cavablandıraraq konkret iş hədəflərini formalaşdırmış olacaqlar.

Biznes planın hazırlanması üçün ödənişsiz dəstək göstərilir

O da bildirilib ki, KOBİA tərəfindən biznes planın hazırlanmasına ödənişsiz dəstək göstərilir. Bu iş Agentliyin Bakı şəhərində və ölkə regionlarında fəaliyyət göstərən KOB inkişafı mərkəzləri (KOBİM) tərəfindən həyata keçirilir. Belə ki, KOBİM-lər tərəfindən öz biznes planını hazırlamaq istəyən sahibkarlara və biznesə başlayan şəxslərə biznes planın hazırlanması istiqaməti üzrə təlimlər keçirilir və məsləhət xidmətləri göstərilr. Həmçinin, KOBİM-lərin mütəxəssisləri tərəfindən biznes planın yazılmasına dəstək təmin olunur. Sahibkarlar və biznesə başlamaq istəyən şəxslər biznes planın hazırlanmasına dəstək üçün birbaşa KOBİA-ya (info@smb.gov.az və ya https://smb.gov.az/az/contact-form/aze-citizen linki üzərindən) müraciət edə bilərlər.

Paylaş