"Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə”ni dəstəkləyən təşkilatların sırası genişlənir
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən irəli sürülmüş **“KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə”**nə qoşulan ölkə və təşkilatların sayı artmaqda davam edir.
Startup.az xəbər verir ki, KOB-ların iqlim dəyişiklikləri ilə mübarizədə fəal iştirakını təmin etmək, yaşıl biznes təşəbbüslərini təşviq etmək və bu sahədə beynəlxalq əməkdaşlığı genişləndirmək məqsədi daşıyan təşəbbüsə indiyədək ümumilikdə 10 ölkə və 27 yerli və beynəlxalq təşkilat qoşulub. Bəyannamə barədə ətraflı məlumat greensme.org saytında yerləşdirilib və istənilən ölkədən dövlət qurumları, beynəlxalq və yerli təşkilatlar, eləcə də biznes subyektləri sənədə qoşula bilərlər.
Qeyd olunur ki, 2025-ci il ərzində bəyannamənin təşviqi və maarifləndirilməsi məqsədilə 10-a yaxın tədbir təşkil olunub. Bu çərçivədə iyul ayında Bakıda Xarici İşlər Nazirliyinin dəstəyi ilə ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus nümayəndələri üçün, avqustda isə Cenevrədə beynəlxalq ticarət palataları üçün təqdimatlar keçirilib.
Bununla yanaşı, ötən ilin mart ayında Nyu-Yorkda BMT-nin Qadınların Statusuna dair 69-cu Komissiyası çərçivəsində, oktyabrda Bakıda keçirilmiş Azərbaycan Halal Biznes Forumu çərçivəsində, noyabrda isə Belem şəhərində COP30 tədbiri çərçivəsində bəyannamə ilə bağlı panel müzakirələr təşkil olunub. Həmçinin 2025-ci ilin iyununda Bakıda keçirilmiş 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində KOBİA-nın stendi KOB-ların yaşıl iqtisadiyyata keçidinə və bəyannamənin təşviqinə həsr edilib.
Qeyd edək ki, sözügedən bəyannamə 2024-cü ildə Bakıda keçirilmiş COP29 çərçivəsində KOBİA tərəfindən irəli sürülmüş beynəlxalq təşəbbüsdür. Sənəd KOB-lar üçün qlobal iqlim hərəkatının formalaşdırılmasını nəzərdə tutur.
Bəyannaməyə qoşulan ölkələrdə KOB-ların yaşıl keçidinin asanlaşdırılması məqsədilə sahibkarların bilik və bacarıqlarının artırılması üçün təlim və seminarların təşkili, qabaqcıl təcrübələrin mübadiləsi, eləcə də Yaşıl KOB Resurs Mərkəzlərinin yaradılması planlaşdırılır.