Azərbaycanlının həmtəsisçi olduğu startap – Wetravel 92 milyon dollar investisiya cəlb edib
Ötən ilin sentyabrında Niderlandın “Wetravel” startapı 92 milyon dollar investisiya cəlb etmişdi. Yeni investisiya şirkətin dəyərini üç dəfə artıraraq səyahət startaplarında vacib mövqeyə çatdırıb.
Startup.az xəbər verir ki, raunda “Sapphire Ventures” liderlik edib, həmçinin “Left Lane Capital”, “Base10”, “Cross Creek” və mələk investorlar da iştirak ediblər. Startapın Azərbaycan üçün vacib edən əsas məqam, həmtəsisçilər arasında Azərbaycandan olan Qərib Mehdiyevin adını görməkdir.
Şirkət süni intellekt əsaslı alətlərlə “Itinerary Builder” platformasını inkişaf etdirməyi planlaşdırır. Yeni funksiyalar PDF sənədlərini interaktiv və fərdiləşdirilə bilən səyahət planlarına çevirməyə imkan verəcək. Bundan əlavə, şirkət hesab-faktura, məlumat toplama və marketinq proseslərini avtomatlaşdıran agent əsaslı həllər üzərində çalışır.
“WeTravel” həmçinin uzunmüddətli tur təşkilində ən böyük B2B ekosistemi hesab olunan “Partner Network” şəbəkəsini genişləndirməyi və beynəlxalq fəaliyyətini artırmaq üçün Çikaqo, Amsterdam, Sidney və Bakı şəhərlərində yeni ofislər açmağı hədəfləyir.
Startapın ideyası necə yarandı?
Şirkətin əsası 2014-cü ildə Qərib Mehdiyev və Zaky Prabowo tərəfindən qoyulub. Təsisçilər qrup şəklində olan turların idarəsində ciddi boşluqlar görür. Rezervasiya, ödəniş və tur planlamasını bir platformada birləşdirən həllin olmadığını müəyyən edirlər. Wetravel qlobal turizmdə ən az xidmət verilən sahəyə fokus olur. Bununla da 200-dən çox ölkədə tur operatorun istifadə edəcəyi rəqəmsal həll yaradır.
Uzunmüddətli səyahətlər üçün əməliyyat sistemi
“WeTravel” platforması ilə turlar marşrut planlaşdırır, rezervasiya idarə edir və qlobal ödəniş sistemini birləşdirir. Operatorlar həm onlayn, həm də oflayn rezervasiyaları qəbul edə, səfərdən əvvəl və sonra tələb olunan prosesləri idarə edə, həmçinin tərəfdaşlara əlavə ödəniş olmadan ani ödənişlər göndərə bilirlər.
Platformanın yenilənmiş “Itinerary Builder” funksiyası turizm şirkətlərinə statik PDF sənədlərini bir neçə saniyə ərzində interaktiv və fərdiləşdirilə bilən səyahət planlarına çevirməyə imkan verir.
Bundan əlavə, uzunmüddətli tur təşkili üçün ən böyük B2B ekosistemi olan “Partner Network” operatorların təchizatçılar və xidmət tərəfdaşları ilə əlaqəsini asanlaşdırır, eyni zamanda hesablaşma və fakturalaşdırma proseslərini avtomatik idarə edir. Bu imkanlar şirkətlərə vaxta qənaət etməyə, səhvləri azaltmağa və qlobal miqyasda daha sürətli böyüməyə kömək edir.
Qarşıda nə var?
Startap 2025-ci ildə 92 milyon dollarlıq investisiya cəlb edib. Bu vəsait şirkətə beynəlxalq miqyasda genişlənmək və texnoloji imkanlarını daha da gücləndirmək imkanı verir. Əsas məqsəd yeni tur operatorların platformaya cəlbi və sürətli qlobal böyümənin effektiv idarəetməsidir.
“Bu investisiya raundu bizneslərini idarə etmək üçün bizə güvənən operatorlar üçün mühüm dönüş nöqtəsidir”, – deyə “WeTravel”ın baş icraçı direktoru Ted Klements bildirib.
“Yeni investisiya ilə operatorların bütün biznes proseslərini bir platformada idarə etməsini daha da asanlaşdıracağıq. Çoxgünlük səyahətlər mürəkkəb iş axınları ilə doludur, ödənişlərin toplanması, rezervasiyalar və tərəfdaş ödənişlərinin uzlaşdırılması, səfər detallarının idarə olunması həm vaxt aparır, həm də səhv riskini artırır. “WeTravel” bu prosesləri sistemli şəkildə avtomatlaşdıraraq operatorların daha səmərəli işləməsinə, daha sürətli böyüməsinə və insanların həyatını dəyişən təcrübələr yaratmağa fokuslanmasına kömək edir”, – o əlavə edib.
“WeTravel”ın 2016-cı ildən müştərisi olan “Travel Collection Limited” şirkətinin həmtəsisçisi Hicham Mhammedi Alaoui isə qeyd edib ki, platforma illərdir sənayedəki əsas yeniliklərin önündə yer alır. O bildirib ki, şirkət əvvəlcə platformada yalnız bir operator kimi fəaliyyət göstərsə də, hazırda 10 qlobal brendi idarə edir və onların hamısında “WeTravel” həllərindən istifadə olunur. Onun sözlərinə görə, xüsusilə “WeTravel Transfers” funksiyası tərəfdaşların sistemə sürətli qoşulmasını və rahat ödənişlərin həyata keçirilməsini təmin edir, API inteqrasiyası isə platformanın bütün imkanlarını mövcud səyahət planlama ekosisteminə problemsiz şəkildə inteqrasiya etməyə kömək edir.