Azərbaycanda 10 quruma Startap şəhadətnaməsi verilməsi tövsiyə olunub
Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) Startap şəhadətnaməsinin verilməsi üzrə Ekspertlər Şurasının növbəti iclası keçirilib.
Startup.az xəbər verir ki, iclasda Startap şəhadətnaməsi almaq üçün KOBİA-ya müraciət edən 14 sahibkarlıq subyektinin sənədlərinə baxılıb. İddiaçıların səlahiyyətli nümayəndələri öz layihələri barədə qısa təqdimatlar ediblər.
Ekspertlər Şurasının qiymətləndirməsinə əsasən, 10 quruma Startap şəhadətnaməsinin verilməsi tövsiyə olunub. Qeyd edilib ki, şəhadətnamələr Ekspertlər Şurasının rəyi əsasında KOBİA tərəfindən təqdim ediləcək.
Məlumata görə, indiyədək ümumilikdə 282 sahibkarlıq subyektinə Startap şəhadətnaməsi verilib. Şəhadətnamə alan startaplarla Startup Azərbaycan portalı vasitəsilə tanış olmaq mümkündür.
Xatırladaq ki, qüvvədə olan qanunvericiliyə əsasən, Startap şəhadətnaməsi əldə edən sahibkarlar innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə 3 il müddətinə mənfəət və gəlir vergisindən azad olunurlar.






