“Bizdən biznesə” startap müsabiqəsinə start verilib
Startaplara dəstək məqsədilə yeni layihəyə - “Bizdən biznesə” startap müsabiqəsinə start verilib. Dövlət-özəl əməkdaşlığı çərçivəsində “AccessBank” QSC tərəfindən həyata keçiriləcək layihənin tərəfdaşı Kiçik və Orta Biznesin İnkişafı Agentliyidir (KOBİA).
Startup.az xəbər verir ki, layihənin məqsədi innovasiyaları stimullaşdırmaq, yeni bizneslərə imkanlar yaratmaq, startapların biznes ideyalarını reallaşdırmasına dəstək olmaq, KOB-lara mentorluq və maliyyə dəstəyinin göstərilməsi, davamlı inkişaf və cəmiyyətə müsbət təsir potensialı olan perspektivli biznes konsepsiyaların araşdırılması və uğurlu sahibkar şəbəkəsinin formalaşdırılmasına töhfə verməkdir. Layihədə sahibkarlar və startaplar iştirak edə bilərlər. Artıq müraciətlərin qəbuluna başlanılıb. Münsiflər Heyəti tərəfindən seçiləcək qaliblərin layihələrinin icrası üçün maliyyə vəsaiti ayrılacaqdır. Layihə haqqında daha ətraflı: “Bizdən Biznesə”
“Bizdən biznesə” layihəsinin dəstəklənməsi məqsədilə “Bakı KOB evi”ndə KOBİA və “AccessBank” QSC arasında Anlaşma Memorandumu imzalanıb, layihə ilə bağlı təqdimat keçirilib.
“KOBİA sahibkarlıq ekosisteminin iştirakçısı olaraq yeni bizneslərin qurulması, mövcud sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, startapların innovativ layihələrinin rellaşdırılması istiqamətində müxtəlif dəstək və xidmətlər göstərir. Bu sahədə dövlət-özəl əməkdaşlığı çərçivəsində layihələrin icra olunması da əhəmiyyətlidir və KOBİA özəl sektorun bu cür təşəbbüslərini dəstəkləyir” - deyə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib.
“Bank olaraq Azərbaycanda yeni biznes ideyaları və startapları dəstəkləməkdən, onların real sahibkarlıq mühitinə inteqrasiyasında iştirakdan məmnunuq. “Bizdən biznesə” layihəsi yeni biznesə başlayanların maliyyə resursuna çıxış məsələsinə öz töhfəsini verəcəkdir” – deyə “AccessBank”ın İdarə Heyətinin sədri Davit Tsiklauri deyib.