Bakı və regionlarda startap turlarına başlanır
Nəqliyat, Rabitə və Yüksək Texnologiyalar, Təhsil nazirlikləri, Yüksək Texnologiyalar Parkı, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, Startap Azərbaycan və Youth İnc. Biznes İnkubasiya Mərkəzi ilə birgə Bakı və regionlarda startap turları keçiriləcək.
Startup.az bildirir ki, Startap turları “İdeyadan Biznesə” şüarı ilə ilk olaraq Qərbi Kaspi Universitetində təşkil ediləcək.
Startap turu iki hissədən - konfrans/treninq və startap müsabiqəsindən ibarətdir. Tədbirin əvvəlcədən proqramı tərtib olunacaq və müxtəlif mövzuları əhatə edən panel çıxışlar təşkil olunacaq.
Partnyor qismində biznes trenerlər/mentorlar, QHT-lər, yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən yerli şirkətlər, akselerasiya proqramları, ali təhsil müəssisələri, bölgələrdəki dövlət qurumları çıxış edir.
Qalib gələn layihələr mentor xidmətləri və investisiyaların cəlb olunması, o cümlədən uğurlu startapların xaricə göndərilməsi və beynəlxalq tədbirlərə cəlb olunması imkanları ilə təmin oluna bilər.
Startap Turu əsasən Nəqliyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən İnkubasiya Mərkəzləri yaradılan təhsil ocaqlarının yerləşdiyi regionları - Bakı, Lənkəran, Naxçıvan, Gəncə, Mingəçevir, Sumqayıt, Şəki və Zaqatalanı əhatə edəcək.
Startapçılar tərəfindən hazırlanan təqdimatlar mütəxəssislər tərəfindən yoxlanılacaq və hər bölgə üzrə qaliblər seçiləcək.
Qaliblər Bakıda keçirilən Startap turunun final mərhələsində iştirak hüququ qazanacaq.
Startap turunun final mərhələsi üçün qalib seçilən layihələr təqdimat və finala qədər prototip/dizayn hazırlayacaq, hər startap layihəsinin təqdimatından sonra münsiflər tərəfindən sual-cavab və qiymətləndirilmə keçiriləcək.