"ASAN xidmət" tərəfindən keçirilən layihələrdə 100-ə yaxın startap formalaşıb
Bu günə qədər "ASAN xidmət" tərəfindən keçirilən layihələrdə 100-ə yaxın startap formalaşıb.
Startup.az məlumat verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov "Green Hackathon 2024" layihəsinin yekun tədbirində deyib.
"Bu il ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan olunub. Bir neçə gündən sonra paytaxtımız iqlim dəyişikliyi ilə bağlı beynəlxalq tədbirə COP29-a ev sahibliyi edəcək. Həmin tədbirlər çərçivəsində "ASAN xidmət" olaraq bir sıra layihələr icra edilir. Bunlardan biri "Yaşıl texnologiyalar" hakatonunun (Green Hackathon) keçirilməsi olub. Bu gün keçirilən tədbir silsilə tədbirlərin sonuncusudur. Bundan öncə belə tədbirlər həm Gəncə, həm də Naxçıvanda təşkil olunub. Əsas məqsəd region gənclərinin, ideya sahiblərinin də texnologiyalara çıxışını təmin etmək, onların öz ideyalarını gerçəkləşdirməsinə şərait yaratmaqdır. Bu gün sevindirici haldır ki, silsilə tədbirlərin final mərhələsini keçiririk. Final mərhələsində 600-dən artıq gənc müraciət edib. Onlardan 87 nəfər 20 komanda formalaşdıraraq həmin tədbirlərə qatılıb. Nəticə olaraq 20 komandadan ilk üç yer müəyyən edilib”, - deyə C.Salmanov bildirib.
O, həmçinin əlavə edib: “Biz bir tərəfdən iqlim dəyişmələri ilə mübarizədə yaşıl texnologiyalara tələbi görürük, digər yandan isə dördüncü sənaye inqilabını yaşayırıq və texnologiyalar sürətlə inkişaf edir. Məlumdur ki, iqlim dəyişikliyi ilə bağlı problemlərin həllində texnologiyalar çox önəmli rol oynayır. Odur ki, bu cür tədbirlər qlobal çağırışlara cavab vermək üçün ölkəmizin atdığı addımlara bir töhfədir”.