Azerbaijan English

“Yeni qanundan sonra Uber gediş haqqını artırmayıb”-Müsahibə

Məlum olduğu kimi, Uber hazırda dünyanın bir çox ölkəsində minlərlə sürücü ilə müqavilə bağlayaraq hər gün milyonlarla insana xidmət göstərən ən böyük startap layihələrindəndir.

Qeyd edək ki, müştəriləri müqavilə ilə işləyən şəxsi avtomobil sürücüləri ilə birləşdirən taksi çağırma proqramı Uber-dən artıq yalnız  fərdi məqsədlə yox, bir çox şirkətin işçiləri tərəfindən də istifadə edilir.

Şəhər üzrə avtomobil sifarişi üçün mobil tətbiq hazırlayan Uber beynəlxalq texnologiya şirkəti 2015-ci ildən Azərbaycanda da fəaliyyətə başladı.

Uber-in ölkəmizdə fəaliyyətə başlaması  ciddi səs-küy yaradaraq, çoxsaylı müzakirələrə səbəb oldu.

Bu müzakirələrdə şirkətin Azərbaycanda xidmətə başlamasına sevinənlər olsa da, Uber-in bu bazarda fəaliyyət göstərə bilməyəcəyi, uğur qazanma ehtimalının az olduğu iddiaları da yer aldı.

Hətta bir müddət öncə yayımlanan məlumatlarda qeyd edilir ki, Uber müəyyən səbəblərdən Azərbaycanda fəaliyyətini dayandıra bilər. Şirkətin Azərbaycan bölməsində Uber-in marketinq menecerinin dəyişməsi də bu iddiaları daha da artırdı.

Lakin gözlənilənlər olmadı və Uber Azərbaycandakı fəaliyyətini davam etdirdi. Belə ki, son vaxtlar şirkət müxrəlif sahələr üzrə keçirdiyi kampaniyalar, aksiyalar ilə diqqət çəkib, gündəmdə qalmağı bacarır.

Son vaxtlar Uber-lə bağlı daha bir vacib məqam isə Vergi Məcəlləsinə edilən dəyişikliklər oldu.

Yeni qanunda qeyd edilir ki, Uber taksi xidmətinin alıcıları və taksi xidmətini göstərən şəxslərin Azərbaycan Respublikasının ərazisində yerləşdiyi üçün həmin xidmətlərə görə qeyri-rezidentə köçürülən tam məbləğə 18 faiz dərəcə ilə ƏDV hesablanmaqla alıcının hesabından tutulur və dövlət büdcəsinə ödənilir.

Xeberler.az olaraq həm Uber-in Azərbaycandakı fəaliyyəti, prespektivliklər və problemlərlə bağlı, həm də yeni vergi siyasətinin bu fəaliyyətə təsiri ilə bağlı şirkətlə əlaqə saxladıq.

Uber şirkətinin Rusiya və MDB ölkələri üzrə kommunikasiya rəhbəri İrina Quşçina Xeberler.az-ın suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

-İrina xanım, Azərbaycan bazarını necə dəyərləndirərdiniz? Sizcə, bizim bazarda potensial varmı?

-Bakı Cənubi Qafqaz regionunda ən böyük iqtisadi və sənaye mərkəzidir. Şəhərin imkanları nəinki Azərbaycanın hər tərəfindən, həmçinin yaxın və uzaq ölkələrdən insanları cəlb edir. Əhalinin daim artımı və biznesin inkişafı sayəsində sürətli və rahat gedişlərə tələbat artır. Bunu Uber gedişlərinə artan tələbatdan müşahidə edirik. Hazırda şəhərdə gediş xidmətləri bazarı doymaqdan uzaqdır. Bu isə inkişaf üçün əlverişli mühit yaradır.

-Uber-ə ölkədə əhalinin marağı, təlabatı necədir? Azərbaycanda Uber-ə qarşı gözlədiyiniz marağı qazana bilibsinizmi?

-Xidmətimiz Bakıda sürətlə inkişaf edir, artıq Uber tətbiqindən sifariş olunmuş avtomobilin çatdırılma müddəti 4 dəqiqədən az təşkil edir. Bu deməkdir ki, avtomobilin tez çatdırılmasını təmin etmək üçün kifayət qədər sürücü-partnyorumuz və istifadəçilər tərəfindən yüksək tələbatımız var. Diqqətəlayiqdir ki, Uber Bakıda fəaliyyətə ilk başladıqda sifarişlərin əksər hissəsi şəhərin mərkəzindən gəlirdi, lakin indi Uber ilə gedişlər şəhərin fərqli istiqamətlərinə edilir, həmçinin kənar rayonlarına. Ümumilikdə, çalışırıq ki, şəhərin hər bir sakini tez, rahat və təhlükəsiz şəkildə istənilən məkana səyahət etmək imkanı əldə etsin. Uber-in dünya təcrübəsi onu göstərir ki, şəhər sakinlərinin mobilliyini artıraraq, şəhərdə iqtisadi proseslərə müsbət təsir göstəririk. Belə ki, gün ərzində insanların əmək məhsuldarlığı, kiçik bizneslərin xidmətlərinə tələbat artır (restoranlar, mağazalar, mədəniyyət və istirahət mərkəzləri). Bir sözlə, insanların həyat keyfiyyəti yaxşılaşır. Məqsədimiz, hər şəhərdə pozitiv dəyişiklər dinamik prosesinin hissəsinə çevrilməkdir.

-Bir müddət öncə belə bir iddialar var idi ki, Uber Bakıda fəaliyyətini dayandıra bilər. Buna səbəb kimi Uber-lə çalışan sürücülərin artıq  Uber-lə əməkdaşlıq etmək istəməməsi  göstərilirdi. Sizcə, bu iddialar nədən qaynaqlanır?

-Uber Azərbaycanda 2015-ci ilin aprel ayından fəaliyyət göstərir. İndiyə qədər daim və əlavə gəlir üçün sürücü-partnyorlara əlverişli imkanlar təklif edirik. Bir sıra göstəricilərə əsasən, məsələn, avtomobilin sifariş ünvanına çatdırılma zamanına görə, deyə bilərik ki, partnyorlarımızın sayı artır. Çalışırıq ki, sürücü-partnyorlara bizimlə əməkdaşlıq etmək sərfəli və rahat olsun. Tələb etmirik ki, sürücülər eksklüziv Uber-ə qoşulsun, platformada müəyyən qədər saat keçirsinlər. Hər sürücü qədər müddət işləyəcəyinə özü qərar verir . Çevik iş qrafiki sürücülər üçün çox vacibdir. Bakıda Uber partnyor-sürücülərinin 75 faizi qeyd edib ki, onlar üçün Uber ilə əməkdaşlığın əsas üstünlüyü çevik iş qrafikidir. Bizim üçün Bakı MDB-nin əsas şəhərlərindən biridir və çalışırıq ki, burada iştirakımızı genişləndirək.

-İrina xanım, Azərbaycanda fəaliyyətinizdəki çətinliklər nələrdir?

-Şübhəsiz ki, hər bazarın özünəməxsus xüsusiyyətləri var və komandamız səmərəli iş strategiyasını qurmaq üçün onları həmişə nəzərə alır. Məmnunluq ilə qeyd edə bilərik ki, Azərbaycan hökumətinin fərdi sahibkarlığı aktiv şəkildə dəstəkləməsi sayəsində partnyorlarımızın Bakıda fəaliyyəti xeyli sadələşir.

-Hazırda Uber-də  Azərbaycan üzrə qeydiyyatda olan neçə sürücü var?

-Qlobal siyasətimizə əsasən konkret şəhərlərdə partnyor sayını açıqlamırıq, lakin bütün dünyada yarım milyondan artıq sürücü-partnyor bizimlə əməkdaşlıq edir.

-Uber Azərbaycanda sürücülərlə müqaviləni necə bağlayır? Şərtlər nələrdir? Uber-in sürücüsü olmaq üçün hansı kriteriyalar tələb edilir?

-Uber həm əsas peşəsi sürücü olan insanlara, həm də platformada işi başqa sahədə fəaliyyət ilə birləşdirən insanlara əməkdaşlıq imkanı təklif edir. Bu, Uber-in sürücülərə bəxş etdiyi böyük üstünlükdür. Sürücü olmaq üçün əsas tələblər isə bunlardır: partnyor 21 yaşdan böyük olmalıdır, 2 ildən az olmayan sürücülük təcrübəsinə sahib olmalıdır, avtomobili 2000 il buraxılışından böyük olmamalıdır, naviqatorla işləməyi bacarmalıdır, şəhəri tanımalıdır və lazımlı sənədləri təqdim etməlidir: sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi, sığorta və sair.

-Uber fəaliyyətini Azərbaycan qanunverciliyi ilə tənzimləyə bilibmi? Hazırda vergi məsələlərində şirkət hər hansı problemlə qarşılaşırmı? Yeni qərara görə, Uber-in də xidmətlərinə görə istifadəçidən 18 faiz ƏDV tutulacaq. Maraqlıdır ki, nağd ödənişlərdə bu necə tənmizlənəcək? Ümumiyyətlə, yeni qərar Uber-in fəaliyyətinə necə təsir edə bilər?

-Uber Azərbaycanda mövcud qanunvericiliyə ciddi şəkildə riayət edir. Xüsusi vurğulamaq istərdim ki, qanunvericilikdə baş verən son dəyişikliklərdən sonra şirkətimiz gediş haqqını artırmadı.

-Uber-in mobil əlavəsində Azərbaycan istifadəçilərinin sayı nə qədərdir?

-Şirkətimizin siyasətinə əsasən bu cür məlumatları konkret şəhərlər üzrə açıqlamırıq. Dünyada isə şirkətimizin hər ay 40 milyon aktiv istifadəçisi var. Hər gün Uber vasitəsi ilə 5 milyona yaxın gediş həyata keçirilir və bu göstərici daim artır.

-Azərbaycanın bölgələrində də xidmət göstərməyi planlaşdırırsınızmı?

-Biznesin inkişafı və başqa şəhərlərdə xidmətin işə salınması  Uberin MDB regionunda prioritetlərindən biridir. Konkret şəhərlərdə servis xidmətə başlayan kimi bu haqda məlumatı məmnuniyyətlə paylaşacağıq.

- Bu yaxınlarda Uber sürücüsüz avtomobillərlə bağlı məşhur şirkətlə əməkdaşlığa başladı. Bakıda da bu avtomobillərdən istifadə edilə bilərmi?

-Uber daim texnologiyalarını mükəmməllişdirməyə çalışır. Hazırda perspektiv inkişaf sahələrindən biri  sürücüsüz insan daşınmalarıdır və şirkətimiz 2015-ci ildən etibarən bu sahəni inkişaf etməyə çalışır. Artıq Uber Pensilvaniya ştatının ictimai yollarında sürücüsüz gedişləri sınaqdan keçirib.

Sürücüsüz insan daşınmaları insanların həyatlarını xeyli yaxşılaşdıra bilər, lakin konkret şəhərlərdə bu cür texnologiyanın işə salınması barədə danışmaq üçün hələ tezdir. Statistikaya əsasən yollarda il ərzində ortalama 1.3 milyon insan həyatını itirir və bu faciələrin əksəriyyəti insan səhvlərinin nəticəsidir. Sürücüsüz avtomobillər qəzaların sayını və yol infrastrukturunu effektiv istifadə etməyə kömək edərək yol sıxlığını azalda bilər.

Apple məşhur tətbiqi satın alır

Apple musiqi tanıma tətbiqi  Shazam-ı satın alır.

Xeberler.az xarici mediada yayımlanan məlumata istinadən bildirir ki,...

11 Dec 2017
2017-ci ildə batan startaplar-Siyahı

 

Bəzi startaplar çox böyük miqdarda investisiya alsa da, 2017-ci il onlar üçün uğrlu olmadı. Belə ki, həmin startaplar bu il...

11 Dec 2017